Paşinyan Putindən Azərbaycan və Türkiyə ilə bağlı xahiş etdi
15-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Ermənistan Rusiya tərəfdaşlarından Ermənistan ərazisindən Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu sahələrində bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etməyi xahiş edib.
"PostMedia" xəbər verir ku, bunu İrəvanda keçirilən brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Bəli, bu məsələ müzakirə olunub. Mən bu mövzunu Rusiya Federasiyasının prezidenti [Vladimir Putin] ilə də müzakirə etmişəm, həmçinin Ermənistanın vitse-baş nazirinin RF hökuməti sədrinin müavini ilə bu barədə danışmaq imkanı olub. Biz Rusiya Federasiyasından olan tərəfdaşlarımızın reaksiyasını gözləyirik”, – deyə Paşinyan Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolunun bərpası müddətlərinin Rusiya ilə müzakirə olunub-olunmaması barədə suala cavabında bildirib. Dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilmə müddətlərindən danışan Paşinyan qeyd edib ki, Ermənistan və ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin icrasına dair çərçivə sazişi imzalandıqdan sonra uyğun müddət — yaxın zamandır. “Münasib müddət — indidir və bizim istəyimiz odur ki, bu, indi həyata keçirilsin. Gedən proseslər var, siz bu barədə məlumatlandırılacaqsınız və bu proseslər imkan daxilində işlərin tez görülməsini nəzərdə tutur. Biz də Rusiya tərəfdaşlarımızdan bu məsələ ilə bağlı qərar qəbul etmələrini xahiş edirik”, – deyə Ermənistanın baş naziri bildirib. Rusiyanın TRIPP layihəsinə cəlb olunmasının müzakirə edilib-edilməməsi ilə bağlı dəqiqləşdirici suala cavab olaraq Paşinyan yenidən vurğulayıb ki, bu, Ermənistan və ABŞ arasında olan bir layihədir və üçüncü tərəfin iştirakı məsələsini hər iki tərəf birlikdə həll etməlidir. Bununla yanaşı, o, qonşu ölkələrin bu və ya digər formada layihəyə cəlb olunmasının təbii olduğunu, lakin səhmdar qismində olmayacağını bildirib. “Rusiyaya gəldikdə isə, – Paşinyan davam edib, – hazırkı mərhələdə biz Rusiya tərəfdaşlarından ‘Axurik’, ‘Yerasx’ sahələrində, həmçinin İrəvan dəmir yolu infrastrukturunda təcili bərpa işləri aparmalarını xahiş edirik”.