Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtondan səslənən İslam Respublikası İrana qarşı yeni hərbi zərbələr təhdidlərinin qəbuledilməz olduğunu bəyan edib.
"PostMedia" xəbər verir ki, bu barədə Nazirliyin rəsmi saytında dərc olunmuş bəyanatda bildirilir.
“İslam Respublikası ərazisinə yeni hərbi zərbələr endirilməsi ilə bağlı Vaşinqtondan səslənən təhdidlər tamamilə qəbuledilməzdir”.
XİN qeyd edib ki, xaricdən təşviq olunan iğtişaşlardan İrana qarşı yenidən aqressiya təkrarlamaq üçün bəhanə kimi istifadə etmək cəhdləri ciddi nəticələrə səbəb ola bilər. Nazirlik vurğulayıb ki, bu cür hərəkətlər Yaxın və Orta Şərqdə vəziyyəti destabilizə edə və qlobal beynəlxalq təhlükəsizliyə zərər verə bilər.
Xatırladaq ki, İranda etiraz aksiyaları 2025-ci ilin dekabrının sonunda İran riyalının kəskin devalvasiyası fonunda başlayıb. 8 yanvardan sonra, 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvinin çağırışlarından sonra etiraz aktivliyi artıb. Həmin gündə ölkədə internetə çıxış məhdudlaşdırılıb.
Bir sıra şəhərlərdə aksiyalar polis qüvvələri ilə toqquşmalara çevrilib və mövcud siyasi hakimiyyətə qarşı şüarlarla müşayiət olunub. Həm polis, həm də etirazçılar arasında ölən və yaralananlar olub.
İran hakimiyyəti iğtişaşların təşkilində ABŞ və İsraili günahlandıraraq, 12 yanvarda ölkədə vəziyyətin nəzarət altına alındığını bildirib.