N/A°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Tehran Vaşinqtonun danışıqlara hazır olduğuna şübhə edir – İran XİN

12-yanvar-2026
Turan Hüseynli
Tehran Vaşinqtonun danışıqlara hazır olduğuna şübhə edir – İran XİN
Yazı Ölçüsü:

İran hakimiyyəti ABŞ administrasiyasının konstruktiv dialoqa hazır olduğuna şübhə ilə yanaşır.

"PostMedia" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçı "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

“Biz Vaşinqtonun konstruktiv və səmimi danışıqlara hazır olduğunu düşünmürük. Onlar buna hazır olduqları zaman bu məsələni nəzərdən keçirəcəyik”, – deyə İran XİN rəhbəri qeyd edib.

Araqçı vurğulayıb ki, Tehran nüvə proqramı ilə bağlı danışıqlar imkanını istisna etmir, lakin bu yalnız ön şərtlər, təzyiq və təhdidlər olmadan mümkündür. Onun sözlərinə görə, dialoq bərabərhüquqlu əsasda aparılarsa, İran danışıqlar masasına əyləşməyə hazırdır.

Nazir həmçinin bəyan edib ki, İsrailin maraqları naminə ABŞ-ni İranla hərbi qarşıdurmaya cəlb etməyə çalışan qüvvələr mövcuddur. Araqçinin qiymətləndirməsinə görə, bu cəhdlər regionda gərginliyin eskalasiyasına yönəlib.

XİN rəhbərinin açıqlamaları İranda baş vermiş kütləvi iğtişaşların davam edən nəticələri fonunda səsləndirilib. Ölkənin təhlükəsizlik strukturlarındakı mənbələrin məlumatına görə, etirazlar zamanı 500-dən çox insan həlak olub, onların arasında mülki şəxslər, polis əməkdaşları, İslam İnqilabı Keşikçiləri Korpusu və onunla əlaqəli “Bəsic” birləşmələrinin üzvləri də var. Həmçinin yüzlərlə yaralı olduğu bildirilir. İğtişaşlar ölkənin 31 vilayətində 500-dən çox yaşayış məntəqəsində qeydə alınıb.

Məlumatlara əsasən, iğtişaş iştirakçıları odlu və soyuq silahlardan, eləcə də əl istehsalı partlayıcı qurğulardan istifadə edərək hüquq-mühafizə orqanları ilə toqquşmalar törədiblər.

Etirazlar 2025-ci ilin dekabr ayının sonunda İran rialının kəskin devalvasiyası fonunda başlayıb. 8 yanvardan, 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvinin çağırışlarından sonra etiraz fəallığı artıb. Həmin gün ölkədə internetə çıxış məhdudlaşdırılıb. Bir sıra şəhərlərdə aksiyalar polis ilə toqquşmalara çevrilib.

İran hakimiyyəti daha əvvəl bəyan edib ki, iğtişaşlar xaricdən, o cümlədən ABŞ və İsrailin iştirakı ilə koordinasiya olunub. 12 yanvar tarixində Tehranda ölkədə vəziyyətin nəzarət altına alındığı bildirilib.

Kateqoriyalar