İran XİN başçısı ABŞ və İsrailin hücum ehtimalını istisna edib
09-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
İran İslam Respublikası üzərinə ABŞ və ya İsrail tərəfindən təkrar hücum ehtimalı yoxdur.
"PostMedia" xəbər verirki, bunu İranın xarici işlər naziri Abbas Araqçı bildirib.
"ABŞ və ya İsrailin təkrar hücum etmə ehtimalını istisna edirəm. Əgər yeni hücum olarsa, onlar növbəti dəfə məğlub olacaqlar".
O həmçinin, ölkənin Ali Milli Təhlükəsizlik Şurasına istinad edərək, ABŞ və İsrailin İranda bir sıra şəhərlərdə baş vermiş iğtişaşların təşkilində rol oynadığını vurğulayıb.
Qeyd edək ki, İsrail 13 iyun 2025-ci il gecəsi İrana qarşı əməliyyat başlatmış və ölkəni gizli hərbi-nüvə proqramı həyata keçirməkdə ittiham etmişdi. Hədəflər arasında nüvə obyektləri, hərbi rəhbərlik, nüvə fizikasına aid alimlər və aviabazalar var idi.
İran ittihamları rədd edərək öz qarşıhücumunu həyata keçirmiş, tərəflər 12 gün ərzində hava və raket hücumları mübadiləsi aparmış, ABŞ isə 22 iyun gecəsi İranın nüvə obyektlərinə bir dəfəlik zərbə endirmişdi. Daha sonra 23 iyun axşamı İran Əl-Udeyd ABŞ bazasına raket zərbəsi endirmiş və daha genişmiqyaslı eskalasiyaya getməyəcəyini elan etmişdi.
İran həmçinin zərbə almış obyektləri bərpa etmək və nüvə sənayesini, o cümlədən yeni atom elektrik stansiyalarının tikintisi yolu ilə inkişaf etdirmək niyyətindədir.