SEPAH və İran ordusunun 400 bölməsi tam döyüş hazırlığı vəziyyətindədir — General Qorbani
06-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının baş müşaviri, briqada generalı Morteza Qorbani bildirib ki, İran Silahlı Qüvvələri ən yüksək döyüş hazırlığı səviyyəsindədir və ABŞ və ya İsrail tərəfindən gələ biləcək hər hansı təcavüzə qətiyyətlə cavab verməyə hazırdır.
"PostMedia" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
ABŞ və ya İsrailin mümkün hücumuna cavab vermək üçün İranın hazırlıq səviyyəsindən danışan general Qorbani qeyd edib ki, SEPAH və ordunun 400 bölməsi tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
"Onlar hazırdırlar. Əgər hər hansı bir təcavüz baş verərsə, onlar onu [İsraili] yerlə-yeksan edəcəklər", — deyə Qorbani bildirib.
O, əlavə edib ki, ordu, SEPAH və hüquq-mühafizə orqanları əlləri tətikdə olmaqla "tam döyüş hazırlığı" vəziyyətindədir. O, bu çəkindirmə və güc səviyyəsinin şəhid general Qasım Süleymaninin irsindən və yolundan qaynaqlandığını vurğulayıb.
Çərşənbə axşamı İran Milli Təhlükəsizlik Ali Şurasının Katibliyi ölkəyə qarşı artan təhdidləri və müdaxilə xarakterli bəyanatları kəskin şəkildə pisləyən bəyanat yayıb. Bəyanatda İranın təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüyünün sarsılmaz "qırmızı xətt" olduğu vurğulanır.
Hər hansı təcavüz aktına və ya düşmənçilik davranışının davam etdirilməsinə mütənasib, qəti və sarsıdıcı cavab veriləcəyi bildirilir.
Katiblik qeyd edib ki, qanuni özünümüdafiə çərçivəsində İran yalnız hadisə baş verdikdən sonra cavab tədbirləri görməklə məhdudlaşmır.
Bəyanata görə, təhdidin aydın və nəzərəçarpacaq əlamətləri İranın təhlükəsizlik tənliyinin bir hissəsi kimi nəzərdən keçirilir. Bu, çəkindirmə və hazırlığa əsaslanan təhlükəsizlik yanaşmasını bir daha təsdiq edir.