Ərdoğan Tramp ilə Venesueladakı vəziyyəti müzakirə edib
05-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla Venesuela məsələsini müzakirə edib.
"PostMedia" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.
"ABŞ Prezidenti Tramp ilə telefon danışığı zamanı ölkəmizin narahatlıqlarını ona aydın şəkildə çatdırdıq. Xüsusilə vurğuladıq ki, Venesuela qeyri-sabitliyə sürüklənməməlidir. Türkiyə və türk xalqı rifah, sülh və inkişaf uğrunda mübarizədə dost Venesuela xalqını qətiyyətlə dəstəkləməyə davam edəcək.
Biz həm Türkiyə, həm də dost Venesuela xalqı üçün mümkün olan hər şeyi və ən yaxşısını etməyə çalışırıq. Cənab Maduro və Venesuela xalqı dəfələrlə ölkəmizin dostu olduqlarını nümayiş etdiriblər. İki dost ölkə olaraq biz çətin anlarda hər zaman bir-birimizlə həmrəyliyə üstünlük vermişik və bunu yüksək qiymətləndirmişik.
Aydın məsələdir ki, dövlətlərin suveren hüquqlarının pozulması və beynəlxalq hüququn sarsılması qlobal miqyasda ciddi fəsadlara yol aça biləcək son dərəcə riskli addımlardır. Hüququn üstünlüyünün gücün üstünlüyü ilə əvəzləndiyi dünyada qeyri-sabitlik, böhranlar və münaqişələr qaçılmaz olur. Türkiyə nə bizim bölgəmizdə, nə də başqa bir yerdə heç vaxt xaos, iğtişaş və gərginlik istəmir. Buna görə də biz qaydalara əsaslanan beynəlxalq sistemin qorunmasını ən vacib şərt hesab edirik", — deyə o qeyd edib.