Mirzoyan Azərbaycanla fikir ayrılıqlarından və ticarət əməkdaşlığından danışıb
29-dekabr-2025
Amin Şükür
Yazı Ölçüsü:
Ermənistan və Azərbaycan arasında bir sıra prinsipial məsələlər üzrə fikir ayrılıqları hələ də qalmaqdadır.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bui ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tərəflər xeyli sayda məsələni tənzimləməyə nail olsalar da, bəzi əsas mövzularda hələlik qarşılıqlı anlaşma əldə edilməyib.
"Razılığın olmadığı vacib məsələlər var. Biz işi davam etdirməliyik", — deyə XİN rəhbəri qeyd edib.
Mirzoyan belə məsələlərdən biri kimi Bakının Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi tələbini göstərib.
Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl dəfələrlə vurğulayıb ki, 2020-ci ilin fevralından bəri danışdığı Konstitusiya dəyişiklikləri Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesi ilə bağlı deyil və yalnız daxili amillərlə şərtlənir.
Eyni zamanda, Azərbaycan hakimiyyəti bəyan edib ki, Ermənistan Konstitusiyasından Dağlıq Qarabağ haqqında bəndin yer aldığı Müstəqillik Bəyannaməsinə istinad çıxarıldıqdan sonra sülh müqaviləsini imzalamağa hazırdır.
"Onların öz təsəvvürləri var, biz onları bölüşmürük və bu məsələdə hələlik razılıq yoxdur", — deyə Mirzoyan mövzunu şərh edərkən vurğulayıb.
Nazir həmçinin bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzərində daha artıq işləməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, sənəd 2025-ci ilin martında razılaşdırılıb və avqustda ratifikasiya edilib.
"İndi məsələ yalnız ondan ibarətdir ki, biz imzalama yeri və vaxtı barədə razılığa gəlirik, ya yox. Hələlik razılaşma yoxdur", — deyə Mirzoyan bəyan edib.
Nazir respublikaya Azərbaycan benzininin gətirilməsi məsələsinə də toxunaraq qeyd edib ki, bu cür tədarüklər erməni istehlakçıları üçün sərfəlidir. Mirzoyanın sözlərinə görə, boykot çağırışlarına baxmayaraq, o, yanacaqdoldurma məntəqələrində şəxsən növbələr müşahidə edib.
Bununla belə, nazir əlavə edib ki, "əlbəttə, bütün problemlər həll olunmayıb və Bakı həbsxanalarında Ermənistanın saxlanılan vətəndaşları qalmaqdadır".
Xatırladaq ki, 19 dekabrda Gürcüstan ərazisindən tranzitlə Ermənistana Azərbaycandan ümumi həcmi 1 218 ton olan 22 vaqon benzindən ibarət qatar heyəti gəlib. Bu tədarük müstəqillik dövründə Ermənistan və Azərbaycan arasında ilk birbaşa ticarət müqaviləsi olub.