N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 22 il ötür

12-dekabr-2025
Turan Hüseynli
Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 22 il ötür
Yazı Ölçüsü:

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatından 22 il keçir. Heydər Əliyev 2003-cü il dekabrın 12-də ABŞ-nin Klivlend klinikasında dünyasını dəyişib.

Onun vəfatı Azərbaycan ictimaiyyətində dərin hüznlə qarşılanmışdı. Ulu öndər 2003-cü il dekabrın 15-də Bakıda – Fəxri xiyabanda dəfn olunub. Hər il dekabrın 12-də ölkənin müxtəlif bölgələrində onun xatirəsi böyük ehtiramla anılır.

1923-cü il mayın 10-da dünyaya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynamış siyasi lider kimi tanınır. O, 1969–1982-ci illərdə Azərbaycan SSR-in rəhbəri olub və respublikanın sosial-iqtisadi inkişafına mühüm töhfələr verib.

1990-cı illərin əvvəllərində ölkədə baş verən siyasi böhran fonunda xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdıb. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev ölkədə sabitliyin bərpasına nail olub.

Onun təşəbbüsü ilə həyata keçirilən “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının neft sənayesi üzərində yenidən qurulmasında əsas mərhələ sayılır. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan beynəlxalq arenada öz mövqelərini möhkəmləndirib. Türkiyə ilə strateji tərəfdaşlığın əsasları da məhz həmin dövrdə qoyulub. Eyni zamanda ölkənin ordu quruculuğunda ciddi islahatlar həyata keçirilib.

Ulu öndər müasir Azərbaycanın siyasi kursunun müəllifi hesab olunur. Onun formalaşdırdığı dövlət idarəçiliyi sistemi bu gün də davam etdirilir. Heydər Əliyevin siyasi irsi ölkənin inkişafında aparıcı xətt olaraq qiymətləndirilir. Hər il minlərlə insan Fəxri xiyabanı ziyarət edərək onun xatirəsini yad edir.

Bu il də dövlət qurumları, ictimai təşkilatlar və vətəndaşlar tərəfindən müxtəlif anım tədbirləri keçirilir. Mərasimlərdə ulu öndərin Azərbaycanın müstəqilliyi, iqtisadi dirçəlişi və beynəlxalq nüfuzunun yüksəlməsi naminə gördüyü işlərin xüsusi vurğulandığı bildirilir. Heydər Əliyevin idarəçilik fəlsəfəsi və siyasi xətti müasir Azərbaycanın inkişaf strategiyasının əsas dayaqlarından biri kimi qiymətləndirilir.


Kateqoriyalar