Əli Əsədov: "Azərbaycan və Gürcüstan tarixi İpək Yolu üzərində inkişaf ediblər"
22-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Azərbaycan və Gürcüstan bu gün regional əməkdaşlığın möhkəmləndirilməsində və tarixi missiyanın yeni formatda, yeni mərhələdə davam etdirilməsində aparıcı rol oynayır, Avropa ilə Asiyanı Avrasiya marşrutu vasitəsilə birləşdirən yeni nəqliyyat və logistika dəhlizlərinin yaradılmasına töhfə verir.
"PostMedia" xəbər verir ki, bu fikirləri Azərbaycanın Baş naziri Əli Əsədov “Tbilisi İpək Yolu Forumu”nda çıxışı zamanı səsləndirib.
Əsədov qeyd edib ki, bir neçə il ərzində “Tbilisi İpək Yolu Forumu” regional və qlobal məsələlər üzrə fikir mübadiləsinin aparıldığı nüfuzlu beynəlxalq platformaya çevrilib:
“Son dövrlərdə baş verən qlobal hadisələr, xüsusilə iqtisadi əməkdaşlıq və nəqliyyat sahəsindəki çağırışlar bu forumun aktuallığını və əhəmiyyətini bir daha önə çıxarır”.
O, vurğulayıb ki, Azərbaycan və Gürcüstan əsrlər boyu tarixi İpək Yolu üzərində inkişaf edərək, Qərb və Şərqi birləşdirən, Avropa ilə Asiya arasında körpü rolunu oynayan ölkələr olub və bu prosesə ticarət, iqtisadi əlaqələrin möhkəmlənməsi, eləcə də mədəni və humanitar mübadilənin genişlənməsi istiqamətində mühüm töhfələr veriblər.
“İllər ərzində Gürcüstan və Azərbaycan arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətləri regionun sabitliyi və sülhü üçün əsas amillərdən birinə çevrilib. Bu gün ölkələrimiz etibarlı tərəfdaşlardır – təkcə siyasi deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində”.
Xatırladaq ki, 70-dən çox ölkədən 2 minə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Ermənistan və Azərbaycanın baş nazirləri dəvət edilib. Forumun açılışını Gürcüstanın Baş naziri İrakli Kobaxidze edib.