Ermənistanda hakim partiya üzvləri parlament sədrini vəzifədən uzaqlaşdırmağa çalışırlar - KİV
29-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Ermənistanda hakim "Mülki Müqavilə" partiyasının üzvləri Alen Simonyanın Ermənistan parlamentinin spikeri vəzifəsindən uzaqlaşdırılmasına nail olmağa çalışırlar.
"PostMedia" xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.
Nəşr hökumətə yaxın mənbələrə istinadən qeyd edir ki, partiya daxilində Simonyana qarşı böyük narazılıq dalğası qalxmaqdadır.
Qəzetin yazdığına görə, "Mülki Müqavilə"nin seçki siyahısına daxil ediləcək namizədlərin müzakirə olunduğu idarə heyəti iclaslarında parlament spikeri partiya yoldaşlarına qarşı son dərəcə aqressiv davranıb.
"O, öz partiya yoldaşlarını baş nazir Nikol Paşinyanın gözündən salmaq üçün əlindən gələni edib. Mənbələrimiz bildirir ki, 'Mülki Müqavilə' üzvlərindən ibarət 'ordu' Paşinyanla görüşməyə hazırlaşır. Onlar Simonyanın və onun komandasının partiyada dominant mövqe tutmaq üçün qurduğu 'tələlər' barədə baş nazirə məlumat verəcəklər", – deyə nəşrdə bildirilir.
Narazı partiya üzvləri Simonyanın Milli Məclisin sədri postundan getməsi üçün hər şeyi etmək niyyətindədirlər. Eyni zamanda, partiya daxilində əmindirlər ki, Paşinyan Simonyandan o qədər narazıdır ki, onunla bağlı qərarını artıq verib.
Həmçinin qeyd olunur ki, hakim komandada Ermənistan parlamentinin gələcək spikeri namizədliyi kifayət qədər uzun müddətdir müzakirə edilir. Şayiələrə görə, əgər 2026-cı il seçkilərində "Mülki Müqavilə" çoxluq qazanarsa, parlamentə Ermənistanın ABŞ-dakı keçmiş səfiri Lilit Makunts rəhbərlik edəcək.
Qeyd edək ki, Ermənistan Milli Məclisinə seçkilər 2026-cı ilin iyun ayına planlaşdırılıb.