Rusiya vətəndaşlığı almaq istəyən həmyerlilərimiz bəzi çətinliklər çəkir
17-dekabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
2025-ci ilin ilk doqquz ayında Rusiyada vətəndaşlıq alanların sayı kəskin azalıb.
"PostMedia" xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, bu dövrdə cəmi 110,8 min nəfər Rusiya vətəndaşlığı alıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 30% azdır. Azalmanın əsas səbəbi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi və vətəndaşlıq prosedurlarına nəzarətin gücləndirilməsidir.
Rusiya pasportu alanların əsas hissəsi MDB ölkələrindən, o cümlədən Azərbaycan, Özbəkistan, Tacikistan, Qazaxıstan və Ermənistan vətəndaşlarıdır. Bununla yanaşı, Rusiya hakimiyyəti son illərdə vətəndaşlıqdan daha çox əmək miqrasiyasına nəzarəti ön plana çıxarır.
Maraqlıdır ki, vətəndaşlıq alanların sayı azalsa da, patent əsasında çalışan miqrantların sayı 32% artaraq 1,9 milyon nəfəri keçib. Patent əsasən vizasız rejimli ölkələrin, o cümlədən Azərbaycan vətəndaşları üçün tətbiq olunur və yalnız verildiyi regionda işləməyə imkan verir. Bu, Rusiyanın azərbaycanlı miqrantları əsasən əmək resursu kimi görməyə davam etdiyini göstərir.
Eyni zamanda, viza tələb olunan ölkələrdən gələnlər üçün verilən iş icazələrinin sayı 52% artıb. Rusiya rəsmiləri bildirir ki, artıq vətəndaşlıq “kütləvi proses” deyil, seçici və təhlükəsizlik yönümlü mexanizmə çevrilib. Ekspertlərin fikrincə, yeni yanaşma miqrantların daimi məskunlaşmasındansa, müvəqqəti işləyib geri qayıtmasını təşviq edir.
Beləliklə, Azərbaycan vətəndaşları üçün Rusiya bazarında iş imkanları qalmaqda davam etsə də, vətəndaşlıq almaq əvvəlki illərlə müqayisədə xeyli çətinləşib.