N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Avstraliyada yeniyetmələr üçün sosial şəbəkə qadağasından sonra 4,7 milyon hesab qapadılıb

16-yanvar-2026
Türkan Nəbi
Avstraliyada yeniyetmələr üçün sosial şəbəkə qadağasından sonra 4,7 milyon hesab qapadılıb
Yazı Ölçüsü:

Avstraliyada 16 yaşından kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qüvvəyə mindikdən sonra ən azı 4,7 milyon uşaq və yeniyetmə hesabı söndürülüb və ya silinib.

"PostMedia" xəbər verir ki, bu barədə ölkənin internet tənzimləyicisi olan "eSafety" tərəfindən dərc edilən məlumatlar şəhadət verir.

Qurumun məlumatına görə, 10 dekabr 2025-ci il tarixindən sonra Avstraliyada fəaliyyət göstərən sosial media şirkətləri uşaq və yeniyetmələrə məxsus 4,7 milyon hesabın girişini bloklayıb. "Aparıcı platformalar 16 yaşından kiçik şəxslərin hesablara girişinin qarşısını almaq üçün əhəmiyyətli tədbirlər görürlər və mən ilkin nəticələrdən çox razıyam", - deyə komissiya rəhbəri Culi İnman-Qrant bildirib.

O, həmçinin qeyd edib ki, "eSafety" istifadəçinin yaşının müəyyən edilməsinin dəqiqliyini və səmərəliliyini artırmaq, eləcə də hüquqi tələblərin yan keçilməsinin qarşısını almaq üçün texnologiya şirkətləri ilə əməkdaşlığı davam etdirəcək. "Əlbəttə, bəzi uşaqlar məhdudiyyətləri aşmağın və sosial şəbəkələrdə qalmağın yollarını tapırlar, lakin yadda saxlamaq lazımdır ki, bu vəziyyətdə uğur zərərin ümumi azaldılması və mədəni normaların bərpası ilə ölçülür", - deyə komissiya rəhbəri vurğulayıb.

Avstraliyanın Baş naziri Entoni Albaniz bildirib ki, "sosial media şirkətləri qanuna əməl etmək üçün böyük səy göstərirlər və bu, ruhlandırıcıdır". "Dəyişiklik bir gecədə baş vermir, lakin ilkin sübutlar göstərir ki, biz bunu təmin etmək üçün bütün addımları atmışıq", - deyə o əlavə edib.

Lakin Avstraliyanın insan hüquqları təşkilatlarının nümayəndələri o qədər də nikbin deyillər. "Digital Rights Watch"un sədri Lizzi O'Şi qeyd edib ki, "qapadılan hesabların sayı uğur meyarı hesab edilə bilməz". Burada əsas məqam qadağanın gənclərin rifahına təsiridir. "Bu baxımdan o, hələ də səmərəsizdir. Yeniyetmələr dəstək şəbəkələrindən qopmaq məcburiyyətində qalıblar və bir çoxlarına bu qadağa ciddi zərər vurub", - deyə o bildirib.

16 yaşından kiçik şəxslərin sosial mediaya girişini qadağan edən qanun Avstraliyada 10 dekabr 2025-ci il tarixində qüvvəyə minib. Qadağa Facebook, Instagram, Kick, Reddit, Snapchat, Threads, TikTok, Twitch, X və YouTube platformalarına şamil edilir. Yeni qanunvericiliyə əsasən, texnoloji platformalar qanun pozuntusuna görə tam məsuliyyət daşıyır və yetkinlik yaşına çatmayanların hesablarını bağlamaq üçün bütün mümkün tədbirləri görmədikləri təqdirdə 49,5 milyon Avstraliya dollarına (32,9 milyon ABŞ dolları) qədər cərimə edilə bilərlər.

Kateqoriyalar