N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Azərbaycan və Çin şirkətləri 420 MVT gücündə günəş elektrik stansiyalarının tikintisi üçün danışıqlar aparır

13-yanvar-2026
Turan Hüseynli
Azərbaycan və Çin şirkətləri 420 MVT gücündə günəş elektrik stansiyalarının tikintisi üçün danışıqlar aparır
Yazı Ölçüsü:

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev ölkədə son illər geniş vüsət alan yaşıl enerji layihələrinin icrası və bu istiqamətdə planlaşdırılan gələcək addımlar barədə müsahibə verib.

PostMedia” həmin müsahibəni təqdim edir.

1. Hazırda Agentliyin kurasiyasında neçə günəş və külək layihəsi icra olunur və onların ümumi gücü nə qədərdir ?

Hazırda Azərbaycan Respublikasında bərpa olunan enerji sahəsində çoxşaxəli və genişmiqyaslı layihələr icra olunur. Ölkəmizdə 2027-ci ilədək ümumi gücü 2 QVt-dan artıq olan “yaşıl enerji” layihələrinin reallaşdırılması nəzərdə tutulur.

Artıq istismara verilmiş sənaye miqyaslı ilk bərpa olunan enerji stansiyaları olan - 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası və 240 MVt gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin enerji balansında mühüm rol oynayır.

Eyni zamanda, bp şirkəti tərəfindən Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində isə ümumi gücü 1000 MVt olan - 315 MVt gücündə Bankə GES, 445 MVt gücündə Biləsuvar GES və 240 MVt Abşeron–Qaradağ KES layihələri icra qrafikinə uyğun olaraq həyata keçirilir. Bununla yanaşı 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası layihəsi üzrə tikinti işləri isə ÇXR-nın “Universal International Holdings Limited” şirkəti tərəfindən davam etdirilir.

Son dövrlər Çin şirkətləri ilə də əməkdaşlıq genişləndirilir. Bu çərçivədə “China Energy” şirkəti ilə 160 MVt günəş elektrik stansiyasının inşası layihəsi, “Power China” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası layihəsi və “China Datang Overseas Investment Co. Ltd” şirkəti ilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsinin həyata keçirilməsi üzrə danışıqlar aparılır.

2. Yerli şirkətlərin bu sahədə payı nə qədərdir ?

Dövlət tərəfindən yaradılmış əlverişli investisiya mühiti nəticəsində yerli şirkətlərin bərpa olunan enerji sektorunda iştirakı genişlənir. Bu çərçivədə 2025-ci ilin aprel ayında Azərbaycan Respublikası Hökuməti ilə yerli investorlar olan “Enerso Cəbrayıl” MMC və “Clean Energy Jabrayil” MMC arasında Cəbrayıl rayonunda hər biri 50 MVt gücündə “Üfüq” və “Şəms” Günəş Elektrik Stansiyaları üzrə İnvestisiya müqavilələri imzalanmış, həmin ilin oktyabr ayında isə stansiyaların təməli qoyulub.

Bundan əlavə, yerli şirkətlər olan “Clean Energy İnvest” MMC və “Enerso” MMC tərəfindən Naxçıvan Muxtar Respublikasında hər birinin gücü 25 MVt olmaqla ümumi gücü 50 MVt olan günəş elektrik stansiyalarının tikintisi ilə bağlı təşəbbüs irəli sürülmüşdür. Sonrakı mərhələlərdə bu layihələrin gücünün 400 MVt-a qədər artırılması planlaşdırılır. Bu məqsədlə Naxçıvanda 688 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.

Eyni zamanda “Masdar”, bp, “Energy China”, “Power China” və “China Datang Overseas Investment Co. Ltd” kimi şirkətlər tərəfindən icra olunan bərpa olunan enerji layihələrində yerli şirkət “SOCAR Green” MMC tərəfdaş kimi iştirak edir.

Son olaraq “Clean Energy Capital” MMC ilə Energetika Nazirliyi arasında imzalanmış İcra Müqaviləsinə əsasən, Xəzər dənizində ilkin mərhələdə 200 MVt, ümumilikdə isə 600 MVt gücündə dənizdə külək enerjisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Kateqoriyalar