Yapon alimləri Tokionun yaxınlığında yerləşən İbaraki prefekturasının Uşikino-numa şirin su hövzəsində əvvəllər naməlum olan, "uşikuvirus" adlı nəhəng virus aşkar ediblər. Virus amöbaları yoluxdurur və tədqiqatçıların fikrincə, Yer üzündə mürəkkəb çoxhüceyrəli orqanizmlərin necə yarandığını anlamağa kömək edə bilər.
"PostMedia" xəbərə verir ki, tədqiqatın nəticələri "Journal of Virology" jurnalında dərc olunub.
Nəhəng viruslar uzun müddətdir alimlərin diqqət mərkəzindədir: onların böyük ölçüləri tez-tez bakteriyalarla qarışdırılırdı. Bu gün artıq məlumdur ki, onlar çoxçeşidlidir və təbiətdə geniş yayılıb, ekosistemlərdə mühüm rol oynayırlar.
Viruslar adətən canlı orqanizmlər hesab edilməsə də, təkamülə ciddi təsir göstərirlər: növlər arasında genlər ötürür, DNT-ni ev sahibinin genomuna inteqrasiya edirlər. Məsələn, insan genomunun 8%-ə qədəri plasentanın və sinir sisteminin formalaşmasında iştirak etmiş qədim retrovirusların fraqmentlərindən ibarətdir.
Bəzi alimlər hesab edirlər ki, viruslar bütün bitkilərin, heyvanların və göbələklərin əsasını təşkil edən — nüvəli hüceyrələr olan "eukariot"ların yaranmasında iştirak etmiş ola bilər. Virus mənşəyi hipotezinə görə, eukariot nüvəsi bir vaxtlar qədim birhüceyrəli həyat formasını yoluxdurmuş DNT virusundan əmələ gəlib.
"Uşikuvirus"un aşkarlanması bu ideyanı gücləndirir: virus hüceyrə daxilində təşkilatlanmasına görə nüvəyə bənzəyən “virus fabriki” yaradır, amöbanın nüvə membranını məhv edir və hüceyrənin funksiyalarını öz ehtiyaclarına uyğun yenidən qurur.
"Uşikuvirus" "Vermamoeba vermiformis" amöbasını yoluxdurur və bir neçə tanınmış nəhəng virusun xüsusiyyətlərini birləşdirir, eyni zamanda özünəməxsus cəhətlərə malikdir. O, hüceyrələrin qeyri-adi dərəcədə böyüməsinə səbəb olur, kapsidi isə (zülallardan ibarət virus örtüyü) mürəkkəb tikanlardan formalaşmış lifvari quruluşla örtülüdür.
"Uşikuvirus"un digər nəhəng viruslarla müqayisəsi alimlərə onların təkamül tarixini bərpa etməyə və mürəkkəb hüceyrələrin formalaşmasında hansı rolu oynaya biləcəklərini anlamağa kömək edəcək.