Ərdoğan yenid ədliyyə və daxili işlər nazirlərini təyin edib
11-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilən kabinet dəyişikliyini həyata keçirərək, ədliyyə naziri Yılmaz Tunçun yerinə İstanbul Baş Prokuroru Akın Gürleki, daxili işlər naziri Ali Yerlikayanın yerinə isə Ərzurum valisi Mustafa Çiftçini təyin edib.
"PostMedia" xəbər verir ki, bu barədə qərar 11 fevral tarixli "Resmi Gazete"də dərc olunub. Qərarda Tunç və Yerlikayanın vəzifədən azad olunmaq üçün müraciət etdikləri və bu müraciətlərin qəbul edildiyi bildirilib.
Eyni gün Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edən Prezident Ərdoğan vəzifələrini təhvil verən Yılmaz Tunç və Ali Yerlikayaya indiyədək göstərdikləri xidmətlərə görə təşəkkür edib.
Ərdoğan yeni təyin olunan nazirlər Akın Gürlek və Mustafa Çiftçiyə isə uğurlar arzulayarıb.
Ali Yerlikaya və Yılmaz Tunç sosial şəbəkə hesablarında Prezident Ərdoğana təşəkkürlərini bildiriblər.
Lakin hər iki şəxs paylaşımlarında vəzifədən azad olunmaq üçün müraciət etdiklərinə dair açıqlama verməyib.
Ali Yerlikaya 4 iyun 2023-cü ildən icra etdiyi daxili işlər naziri vəzifəsini Mustafa Çiftçiyə təhvil verdiyini qeyd edərək, ona yeni vəzifəsində uğurlar arzulayıb.
Yeni təyinatların Türkiyədə dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcı olacağı və təhlükəsizlik, hüquq-mühafizə və ədliyyə sahələrində islahatların davam etdiriləcəyi bildirilir.