Bild: Tramp İrana qarşı güclü zərbəyə hazırlaşır – peyk görüntüləri dərc edilib
05-fevral-2026
Admin
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın İrana qarşı güclü hərbi zərbə variantları üzərində çalışdığı iddia olunur.
"PostMedia"nın məlumatına görə, Almaniyanın "Bild" nəşri dərc etdiyi peyk görüntülərinə əsaslanaraq yazır ki, ABŞ regionda hərbi mövcudluğunu ciddi şəkildə artırır.
Məlumata görə, İran ətrafındakı bazalarda onlarla hərbi təyyarə və döyüş gəmisi yerləşdirilib. Rəsmi olaraq bu addımlar Tehranla mümkün danışıqlar öncəsi güc nümayişi kimi təqdim oluna bilər. Lakin faktiki vəziyyət Tramp administrasiyasının İran hökumətinin mövqelərini zəiflədə biləcək müxtəlif hərbi ssenariləri nəzərdən keçirdiyini göstərir.
"Washington Post" yazır ki, İordaniyada yerləşən Muvaffaq Salti aviabazası İrana qarşı mümkün zərbənin hazırlanmasında əsas rol oynayır. Peyk şəkillərində burada intensiv döyüş əməliyyatları üçün nəzərdə tutulmuş ən azı bir neçə "F-15" qırıcı və hücum təyyarəsi görünür.
Bundan başqa, yaxın məsafədən yerüstü hədəflərə zərbə endirə bilən "A-10C" “Warthog” hücum təyyarələrinin, eləcə də ən azı bir "MQ-9 Reaper" pilotsuz uçuş aparatının və bir neçə çoxməqsədli helikopterin mövcudluğu qeydə alınıb. Analitiklərə görə, zərbə potensialının kəşfiyyat və müşayiət vasitələri ilə bu cür birləşdirilməsi genişmiqyaslı əməliyyatlara xasdır.
Xüsusi diqqət çəkən məqamlardan biri də İordaniyada iki "HC-130J Combat King" təyyarəsinin yerləşdirilməsidir. Bu təyyarələr döyüş zonalarında axtarış-xilasetmə əməliyyatları üçün istifadə olunur və mütəxəssislər bunu pilotların və ya xüsusi təyinatlıların təxliyəsini tələb edə biləcək ssenarilərə hazırlıq kimi dəyərləndirirlər.
Dənizdə də hərbi fəallıq artır. Bir neçə idarəolunan raketli esminesin müşayiəti ilə "USS Abraham Lincoln" aviadaşıyıcısı regiona daxil olaraq hazırda Ərəb dənizinin şimalında fəaliyyət göstərir. Aviadaşıyıcının göyərtəsində müasir döyüş təyyarələri və düşmənin radar və rabitə sistemlərini sıradan çıxara bilən "EA-18G Growler" təyyarələrinin olduğu bildirilir.
Bundan əlavə, "USS McFaul" və "USS Mitscher" kimi hərbi gəmilər Hörmüz boğazında müşahidə olunub, digər ABŞ gəmiləri isə Qırmızı dənizdə və Aralıq dənizinin şərqində fəaliyyət göstərir.
Nəticə etibarilə, Vaşinqtonun Tehrana verdiyi əsas siyasi mesaj İranı yenidən danışıqlar masasına qaytarmaqdır. Dünyanın diqqəti hazırda Omana yönəlib: ABŞ–İran danışıqlarının cümə günü yerli vaxtla saat 10:00-da burada başlaması planlaşdırılır.