Rusiya Xarici İşlər Nazirliyi fevralın 5-də Almaniyanın Rusiyadakı diplomatik missiyasının rəhbərini XİN-ə dəvət edib.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Almaniya hökumətinin 22 yanvar 2026-cı il tarixli qərarı ilə Almaniyadakı Rusiya səfirliyinin əməkdaşının “arzuolunmaz şəxs” elan edilməsi ilə bağlı Berlinə qəti etiraz bildirilib. Rusiya tərəfi vurğulayıb ki, alman hakimiyyətinin diplomatın guya kəşfiyyat fəaliyyəti ilə məşğul olması barədə irəli sürdüyü ittihamlar əsassızdır və Almaniyada təşviq edilən “casusluq isteriyası” fonunda uydurulub.
Moskva bu addımı Almaniyada Rusiyanın diplomatik nümayəndəliyini nüfuzdan salmağa yönəlmiş ucuz təxribat kimi qiymətləndirir.
Görüş zamanı Almaniyanın diplomatik missiya rəhbərinə, Berlinin qərarına simmetrik cavab olaraq, Moskvadakı Almaniya səfirliyinin bir diplomatının “arzuolunmaz şəxs” elan edilməsi barədə nota təqdim edilib. Rusiya XİN vurğulayıb ki, ikitərəfli münasibətlərdə yaranan yeni gərginliyə görə bütün məsuliyyət Almaniya hökumətinin üzərinə düşür.
