—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Rusiya Ermənistana nağd rubl ixracına məhdudiyyətlər tətbiq edə bilər

03-fevral-2026
Turan Hüseynli
Rusiya Ermənistana nağd rubl ixracına məhdudiyyətlər tətbiq edə bilər
Yazı Ölçüsü:

Rusiya Federasiyasından nağd rubl və qızıl külçələrinin ixracına məhdudiyyətlər prezidentin vahid fərmanı ilə tətbiq olunacaq və oxşar prinsiplərlə qüvvədə olacaq.

"PostMedia" xəbər verir ki, bu barədə layihə ilə tanış mənbə "İnterfaks"a bildirib.

Strateji inkişaf və milli layihələr üzrə Şuranın dekabr iclasında baş nazirin müavini Aleksandr Novak qeyd edib ki, 2026-cı ildə iqtisadiyyatın “təmizlənməsi” proqramı çərçivəsində Rusiyadan mənşəyi məlum olmayan nağd rublun nəzarətsiz ixracı, o cümlədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrə, eləcə də qızıl külçələrinin çıxarılması aradan qaldırılacaq.

Hazırda Aİİ üzvləri Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır.

Maliyyə Nazirliyi daha əvvəl qızıl üzrə məhdudiyyətləri qismən şərh edib. Məlumata görə, bu məhdudiyyətlərin 1 sentyabrdan qüvvəyə minməsi və çəkisi 100 qram və daha çox olan külçələrə şamil edilməsi planlaşdırılır.

«İnterfaks»ın mənbəsi əlavə edib ki, layihədə bir neçə istisna nəzərdə tutulur. Ümumilikdə fiziki şəxslərə Rusiyadan ümumi çəkisi 100 qramdan artıq olan qızıl külçələrinin ixracı qadağan ediləcək. Lakin bu qadağa Şeremetyevo, Domodedovo, Vnukovo və Vladivostokdakı Knevichi hava limanlarından uçan sərnişinlərə şamil edilməyəcək – şərt odur ki, onların Metalların Təyinat Palatasının icazəsi olsun.

Nağd rubl üzrə məhdudiyyətlər Aİİ ölkələrinə ixraca aid olacaq və eyni layihə çərçivəsində 1 sentyabrdan qüvvəyə minəcək. Təklif olunur ki, fiziki şəxslərə Aİİ ölkələrinə cari məzənnə ilə ən azı 10 min ABŞ dollarına ekvivalent rubl ixracı qadağan edilsin.

İstisna yalnız Rusiya Federasiyasının beynəlxalq hava limanları vasitəsilə ixracdır. Bu halda fiziki şəxs gömrük orqanlarına əvvəlcədən məlumat verməlidir.

Valyuta barədə bildirişdə vəsaitin mənbəyi və nəzərdə tutulan istifadəsi haqqında məlumat da göstərilməlidir. Əgər ixrac olunan məbləğ 100 min ABŞ dollarına ekvivalent rublu aşırsa, vəsaitin mənşəyini təsdiqləyən sənədlər də təqdim edilməlidir.

Hüquqi şəxslər və fərdi sahibkarlar üçün bəyan edilməyən minimum məbləğ müəyyən edilmir: onlar yalnız beynəlxalq hava limanları vasitəsilə və gömrüyə məlumat verməklə istənilən məbləğdə nağd rubl ixrac edə bilərlər.

Bu fərmanın tələbləri kredit təşkilatlarına şamil edilmir.

Qızıl və valyuta ixracına dair bu iki məhdudiyyət Rusiyadan kapital axınının azaldılmasına, qeyri-qanuni sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınmasına və çirkli pulların yuyulması ilə mübarizəyə yönəlib.

Hazırda nağd rublun ixracına dair məhdudiyyət yoxdur. Xarici valyutanın və/və ya valyuta alətlərinin 10 min ABŞ dolları ekvivalentindən artıq nağd şəkildə ixracına qadağa isə 2022-ci ilin martından qüvvədədir.

Kateqoriyalar