Çin ABŞ-yə daxil olarkən Çin şirkətlərinin əməkdaşlarının son vaxtlar əsassız şəkildə saxlanılması və dindirilməsi ilə bağlı dərin narazılıq və qəti etirazını bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə bazar ertəsi keçirilən brifinqdə Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan bəyan edib, məlumatı “Sinxua” agentliyi yayıb.
Diplomatın sözlərinə görə, son dövrlərdə ABŞ hüquq-mühafizə orqanları Çin şirkətlərinin əməkdaşlarını dəfələrlə uzunmüddətli və əsassız dindirmələrə, saxlanmalara və deportasiyalara məruz qoyub. Lin Tsyan qeyd edib ki, ABŞ hüquq-mühafizə orqanlarının üsulları qəddardır, Çin vətəndaşlarının qanuni hüquq və maraqlarını kobud şəkildə pozur, həmçinin iki ölkə arasında normal biznes mübadiləsi və əməkdaşlıq mühitinə zərbə vurur.
“Çin bu məsələdə dərin narazılıq və qəti etirazını ifadə edir”, — deyə diplomat vurğulayıb.
Lin Tsyan ABŞ-ni Çin şirkətlərinin əməkdaşlarının əsassız dindirilməsini dayandırmağa çağırıb və bildirib ki, Pekin Çin vətəndaşlarının qanuni hüquq və maraqlarını qorumaq üçün qətiyyətli və effektiv tədbirlər görməyə davam edəcək.
