Rusiya ABŞ Prezidenti Donald Trampın xahişinə uyğun olaraq fevralın 1-dək Ukraynaya zərbələrdən çəkinməyə razılaşıb.
“PostMedia” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
ABŞ Prezidenti dünən bəyan etmişdi ki, güclü şaxtalarla əlaqədar olaraq bir həftə müddətində Ukrayna hədəflərinə zərbələr endirilməməsi xahişi ilə şəxsən rusiyalı həmkarına müraciət edib.
“Doğrudan da, prezident Tramp şəxsən prezident Putindən fevralın 1-dək, bir həftə ərzində Kiyevə zərbələrdən çəkinməyi xahiş edib ki, danışıqlar üçün əlverişli şərait yaradılsın”, – deyə Kreml sözçüsü qeyd edib.
Peskov həmçinin vurğulayıb ki, Putin Kiyev rejiminin liderini heç yerə dəvət etməyib və onunla görüş təklif etməyib.
“Zelenski görüş tələb edib və faktiki olaraq təşəbbüskar olub. Buna cavab olaraq prezident Putin bildirib ki, bəli, biz hazırıq, lakin yalnız Moskvada”, – deyə Peskov izah edib.
Kiyevin Donbas və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı kompromisə getmək niyyətində olmadığı barədə bəyanatına münasibət bildirən Peskov əlavə edib ki, cəbhədəki mövcud dinamika özü hər şeyi göstərir.
