Tbilisi Şəhər Məhkəməsi korrupsiya ittihamı ilə həbs olunan Gürcüstanın sabiq müdafiə naziri Cuanşer Burçuladze barəsində 10 il həbs cəzası çıxarıb.
”PostMedia” xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.
Burçuladze vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirli bilinib. Həmin maddələr üzrə maksimum cəza 12 ilədək nəzərdə tutulur.
Məhkəmə həbs qərarı ilə yanaşı, sabiq nazirin ailəsinə məxsus əmlakın – İspaniyadakı villanın və Tbilisi yaxınlığındakı elit Tsxneti qəsəbəsində yerləşən evin müsadirə olunmasına qərar verib. Həmçinin ona iki il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.
Cinayət işi hərbi hospital üçün maqnit-rezonans tomoqrafiya cihazının alınması ilə bağlı epizodu da əhatə edir. Eyni iş üzrə büdcə vəsaitlərinin mənimsənilməsi ittihamı ilə müdafiə nazirinin sabiq müavini Giorgi Xainrava, satınalmalar departamentinin keçmiş rəhbəri Vladimir Quduşauri və sabiq nazirin qaynı Vasil Mxeidze də ittiham olunur.
Cuanşer Burçuladze 2021-ci ilin fevralından 2024-cü ilin fevralınadək İrakli Qaribaşvili hökumətində müdafiə naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, sabiq baş nazir İrakli Qaribaşvili də hazırda cəza çəkir. O, yanvar ayında qanunsuz sahibkarlıq və çirkli pulların yuyulması ittihamları üzrə günahını etiraf etdikdən sonra məhkəmə tərəfindən 5 il azadlıqdan məhrum edilib.