Məhkəmənin qərarı ilə "Google" 3,5 milyar manatdan çox vəsait ödəyəcək
16-fevral-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Moskva Arbitraj Məhkəməsi Rusiyada fəaliyyət göstərmiş "Google"un törəmə şirkəti olan “OOO Google”in müflisləşmə üzrə idarəçisi Valeri Talyarovskinin iddiasını təmin edərək, "Google Ireland Limited"dən təxminən 160,3 milyard rubl (3,5 milyardmanat) məbləğində vəsaitin tutulmasına qərar verib.
"PostMedia" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Talyarovski məhkəmədən 2009-cu ildə bağlanmış reklam məkanının yenidən satışı ilə bağlı müqavilənin ləğvini və 2018-ci ilin aprelində imzalanmış yeni müqaviləni qanunsuz saymağı, həmçinin 1 aprel 2018 – 3 mart 2022 tarixləri arasında Rusiya şirkətinin "Google Ireland"ə köçürdüyü 373,7 milyard rubldan (8,3 milyard manat) artıq ödənişlərin etibarsız hesab edilməsini xahiş edib.
O, həmçinin bu ödənişlərin nəticələrinin aradan qaldırılması çərçivəsində 101,7 milyard rubl əsas məbləğin və təxminən 58,6 milyard rubl faizlərin tutulmasını tələb edib. Məhkəmə birinci instansiyada bu tələblərin hamısını tam şəkildə təmin edib.
İddiaçının nümayəndəsi bildirib ki, köhnə müqavilənin ləğvi və yenisinin bağlanması Rusiyadakı şirkətin gəlirlərinin 20%-dən 3%-ə düşməsinə səbəb olub. Onun sözlərinə görə, yeni razılaşmanın əsaslandırılması “sanksiya konteksti” ilə bağlı idi və məqsəd Rusiya bazarından problemsiz çıxışı təmin etmək olub.
Cavabdeh tərəf isə bildirib ki, yeni müqavilə bazar şərtlərinin dəyişməsi ilə əlaqədardır və əvvəlki saziş artıq bazar reallıqlarına uyğun deyildi.
Fevralın əvvəlində Moskva Arbitraj Məhkəməsi "Google Ireland"ə ABŞ-dakı Arbitraj Assosiasiyasında Rusiyadakı törəmə şirkətinə qarşı istintaq və məhkəmə çəkişmələrini davam etdirməyi, eləcə də həmin qərarları icra etməyi qadağan edib. Qadağanın hər pozuntusu üçün şirkət 65 milyard rubldan (1,5 milyard manat) artıq cərimə ödəməli olacaq.
Qeyd edək ki, Rusiyadakı Google şirkəti 2022-ci ilin yazında – ana şirkət Rusiyada fəaliyyətini dayandırdıqdan və reklam satışını qadağan etdikdən iki ay sonra özünü müflis elan etmək üçün məhkəməyə müraciət edib.
2023-cü ilin oktyabrında “OOO Google” Moskva Arbitraj Məhkəməsinin qərarı ilə rəsmi olaraq müflis elan edilib. Valeri Talyarovski şirkətin müvəqqəti idarəçisi təyin olunub və o, Rusiyadakı törəmə şirkətin qəsdən müflisləşdirilməsi əlamətləri olduğunu bildirib.