Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski qətldə təqsirli bilinib
12-fevral-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Yekaterinburqun Kirovski rayon məhkəməsinin andlılar kollegiyası Uralda Azərbaycan diasporu üzvlərinin işi üzrə ittihamedici hökm çıxarıb. Onlar 2001 və 2010-cu illərdə iş adamlarının qətlə yetirilməsi və qətl cəhdində təqsirli biliniblər.
"PostMedia" Rusiya mətbutına istinadən xəbər verir ki, Uralda Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski 2001-ci ildə Yunus Paşayevin qətlində, 2010-cu ildə isə Fəhriz Şirinovun qətlinə cəhddə təqsirli bilinib.
Akif, Bəkir, Ayaz, Kamal və Mazahir Səfərovlar da Paşayevin qətlində təqsirli hesab ediliblər. Akif və Ayaz Səfərovlar, eləcə də Şücayətddin Rəcəbov Şirinovun qətlinə cəhddə günahkar biliniblər.
66.ru-nun məlumatına görə, təqsirləndirilən şəxslərdən biri istisna olmaqla hamısı ittihamları inkar edir. Bildirilir ki, Yunus Paşayevi bıçaqladığını etiraf edən Mazahir Səfərov günahını yalnız qismən qəbul edib.
Şıxlinskinin sağ əli hesab edilən, iri tərəvəz anbarının sahibi İkram Hacıyevin 2011-ci ildə qətlə yetirilməsi işi ayrıca icraata ayrılıb.
Qeyd olunur ki, Ural bölgəsində Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması Rusiya–Azərbaycan münasibətlərində yaranmış gərginlik fonunda baş verib. Bu böhran 2024-cü ilin dekabrında Qazaxıstanın Aktau şəhərində Rusiya HHM qüvvələrinin səhvi nəticəsində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra başlamışdı.
2025-ci ilin yayında Azərbaycan və Rusiyada bir neçə vətəndaş qarşılıqlı şəkildə saxlanılıb. Həmin ilin oktyabrında münasibətlər normallaşmağa başlayıb — Vladimir Putin və İlham Əliyev Düşənbədə görüşüb, bundan sonra saxlanılanlardan bəziləri azadlığa buraxılıb.