—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

Rusiyada ilk dəfə "YouTube"da “xarici agentlərin” videolarını bəyəndiyinə görə cərimə tətbiq edilib

09-fevral-2026
Türkan Nəbi
Rusiyada ilk dəfə "YouTube"da “xarici agentlərin” videolarını bəyəndiyinə görə cərimə tətbiq edilib
Yazı Ölçüsü:

Rusiyada ilk dəfə olaraq bir şəxs "YouTube" platformasında “xarici agent” kimi tanınan müəlliflərin videolarını bəyəndiyinə görə cərimələnib.

"PostMedia" xəbər verir ki, Murmansk vilayət məhkəməsi Ukrayna vətəndaşı Vasili Yovdiyə qarşı Rusiya ordusunu “nüfuzdan salma” maddəsi ilə inzibati cəza tətbiq edib. Bu barədə məlumat məhkəmənin rəsmi saytında dərc olunub.

Məhkəmə qərarında bildirilir ki, Yovdiy yaşadığı ünvanda mobil telefonu vasitəsilə "YouTube"a daxil olaraq videoların altında “bəyənmə” şəklində təsdiqləyici reaksiyalar verib. Konkret hansı videolardan söhbət getdiyi açıqlanmasa da, onlardan birinin kimyəvi müdafiə qoşunlarının rəhbəri general İqor Kirillovun ölümü ilə bağlı olduğu, bir neçəsinin isə “xarici agent” kimi tanınan şəxslərə məxsus olduğu qeyd olunur.

İş Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin Alakkurti kəndində apardığı yoxlama zamanı açılıb. Yoxlama zamanı Yovdiyin telefonunda 139 videonun “bəyənilmiş” siyahısında olduğu aşkar edilib.

Yovdiy məhkəmə iclasında iştirak etməsə də, izahatında hesabın ona məxsus olduğunu və videoları könüllü şəkildə bəyəndiyini etiraf edib. O, həmçinin videolardan birinin müəllifinin “ukraynalı təbliğatçı” olduğunu bildiyini və Kirillovun öldürülməsinin arxasında Ukrayna xüsusi xidmət orqanlarının dayandığını düşündüyünü qeyd edib. Məhkəmə qərarında Yovdiyin peşman olduğu və “Ukraynanın mövcud rejimini dəstəkləmədiyi” də vurğulanıb.

Məhkəmə onun hərəkətlərini “ictimai fəaliyyət” kimi qiymətləndirərək 30 min rubl məbləğində cərimə kəsib. Halbuki "YouTube"da videoların bəyənilməsi yalnız hesab sahibinə görünür və digər istifadəçilər üçün açıq deyil.

Hüquqşünas Yevgeni Smirnov bildirib ki, bu cür hal əvvəllər qeydə alınmayıb. Onun sözlərinə görə, məhkəmə ordunun “nüfuzdan salınmasının” konkret nədə ifadə olunduğunu əsaslandırmayıb və sadəcə videonun “xarici agent” tərəfindən yayımlandığı üçün avtomatik olaraq “nüfuzdan salıcı” hesab edildiyini bildirib.

Qərardan məlum olur ki, Yovdiyin Rusiyada yaşamaq icazəsi var və o, daha əvvəl inzibati məsuliyyətə cəlb olunmayıb. Onun “VKontakte” profilində 72 yaşında olduğu qeyd edilir.

Kateqoriyalar