Gürcüstan hökumətinin sabiq başçısı İrakli Qaribaşvili Tbilisi Şəhər Məhkəməsindən Rustavinin 12 saylı penitensiar müəssisəsinə köçürülüb.
"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmə iclasında ittiham tərəfi işə mahiyyəti üzrə baxılmadan hökm çıxarılması barədə vəsatət təqdim edib. Birinci instansiya məhkəməsi eks-premyeri irəli sürülən ittiham üzrə təqsirli bilib və ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Prokuror Natia Tatiyaşvilinin sözlərinə görə, Qaribaşviliyə 5 il həbs cəzası ilə yanaşı, cinayət fəaliyyəti nəticəsində əldə edilmiş əmlakın müsadirəsi və 1 milyon lari məbləğində cərimə də əlavə cəza kimi müəyyən edilib.
Tatiyaşvili bildirib ki, təqsirləndirilən İrakli Qaribaşvili ilə prosessual razılaşma bağlanıb. Həmin razılaşmaya əsasən, Qaribaşvili Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi ilə nəzərdə tutulan cinayəti – xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasını – törətməkdə təqsirli bilinib. Qaribaşvili məhkəmə prosesində törətdiyi cinayəti etiraf edib və bu da razılaşmanın əsasını təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Gürcüstan Prokurorluğu sabiq baş nazir İrakli Qaribaşviliyə xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması işi üzrə ittiham irəli sürmüşdü.
Tbilisi Şəhər Məhkəməsi 24 oktyabrda ona qarşı 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçmişdi.
Xatırladaq ki, 22 oktyabrda Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib ki, Antikorrupsiya Agentliyində dindirilən sabiq baş nazir istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlirlər əldə etdiyini etiraf edib.
İrakli Qaribaşvili 2019–2024-cü illərdə Gürcüstanın müdafiə naziri və baş naziri vəzifələrini tutub və dövlət-siyasi vəzifəli şəxs kimi istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul olması, eləcə də vəzifə maaşından başqa hər hansı gəlir əldə etməsi qadağan idi.
Prokurorluğun məlumatına görə, o, vəzifədə olduğu dövrdə gizli şəkildə müxtəlif biznes fəaliyyəti ilə məşğul olub və xüsusilə külli miqdarda qanunsuz gəlir əldə edib. Qaribaşvili gəlir və xərclərini bəyan etməyə borclu idi.
Bu qanunsuz gəlirləri leqallaşdırmaq məqsədilə o, vəzifəli şəxsin əmlak vəziyyəti barədə təqdim etdiyi bəyannamələrdə guya ailə üzvlərindən hər il iri məbləğdə hədiyyə aldığını göstərən saxta məlumatlar qeyd edib. Bu yolla, qeyri-qanuni biznes fəaliyyətindən əldə etdiyi 830 min lari məbləğində vəsaitin bir hissəsinə süni mənşə yaradılaraq leqal dövriyyəyə daxil edilib.
Bundan başqa, istintaqın məlumatına görə, Qaribaşvili 2023–2024-cü illərdə əsaslandırılmamış əmlaka qanuni görüntü vermək üçün əlaqəli şəxsin adına 463 630 lari dəyərində iki avtomobil alıb və ailə üzvü vasitəsilə 210 min lariyə daşınmaz əmlaka sahib olan bir şirkətin 100 faiz payını əldə edib.
Eyni zamanda, ailə üzvünün adına qeydiyyatdan keçmiş MMC-yə ümumilikdə 3 670 172 lari investisiya yatırılıb.
Qanunsuz vəsaitin əsas hissəsi isə həqiqi mahiyyətini və mənbəyini gizlətmək məqsədilə xarici valyutaya çevrilib. Nəticədə əldə edilən 6,5 milyon ABŞ dolları 2025-ci il 17 oktyabrda Qaribaşvilinin mənzilində aparılan axtarış zamanı aşkarlanaraq müsadirə edilib.
İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “g” bəndi ilə – xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz gəlirlərin leqallaşdırılması maddəsi üzrə ittiham irəli sürülüb.