ABŞ vitse-prezidenti Ceyms David Vensin Sinsinnatidəki evinə hücumda ittiham olunan Ohayo sakini "psixi sağlamlıq problemləri"ndən əziyyət çəkir və mülkə edilən bu hücum siyasi bəyanat xarakteri daşımayıb.
”PostMedia” “NBC News”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı müdafiə tərəfinin vəkili məlumat verib.
26 yaşlı Uilyam DeFur, bazar ertəsi saat 00:15 radələrində – Vens və həyat yoldaşı Vaşinqtonda olarkən baş vermiş vandalizm hadisəsində ittiham olunur. DeFur çərşənbə axşamı yerli ittihamlarla ilk dəfə məhkəmə qarşısına çıxıb və Hamilton dairəsinin hakimi Canaya Trotter Braton onun üçün 11 000 dollar məbləğində girov təyin edib. Vəkil Pol Laufman müştərisinin hərəkətlərinin siyasi motivli olmadığını iddia edərək, bu hücumun "vitse-prezidentin şəxsiyyəti ilə heç bir əlaqəsi olmadığını" bildirib. Laufmanın sözlərinə görə, DeFur "sülhsevər" şeirlər yazır.
Vensin Ohayodakı evi federal mühafizə altındadır. FTB-nin (FBI) Sinsinnati ofisinin xüsusi agenti Qevin Hartselin təqdim etdiyi cinayət işinə görə, DeFur əvvəlcə Vensin evinə gedən yolu bağlayan Məxfi Xidmət (Secret Service) avtomobilinin şüşələrini sındırmağa çalışıb.
İddia sənədində qeyd olunur ki, agent "Polis!" və "Məxfi Xidmət!" deyə qışqıraraq, əlindəki silahı (əvvəlcə balta olduğu güman edilib) yerə qoymaq və dayanmaq barədə "yüksək və aydın əmrlər" verib.
Məhkəmə sənədlərinə görə, DeFur bütün əmrlərə məhəl qoymayıb və çəkiclə Vensin evinin fasadındakı şüşə panelləri sındırmağa başlayıb. O, üç böyük tarixi pəncərədə bir neçə şüşəni sındırıb.
Şübhəli şəxs çəkici yerə ataraq qaçsa da, bir qədər sonra həbs edilib. Agent Hartselin sözlərinə görə, Məxfi Xidmət avtomobilinin sürücü tərəf pəncərəsinə endirilən zərbələr şüşədə dərin cızıqlar qoyub. Evin yoxlanılması zamanı isə 14 ayrı şüşə panelin tamamilə sındığı məlum olub.
"DeFurun çəkic zərbələri, həmçinin hər bir pəncərəyə quraşdırılmış gücləndirilmiş təhlükəsizlik sistemlərinə zərər vurmaqla ABŞ hökumətinə 28 000 dollardan çox maddi ziyan vurub", — deyə Hartsel əlavə edib.