Ermənistanın tabor komandirinin müavini və hərbi hissənin anbar rəisi yanacaq mənimsəmə ittihamı ilə saxlanılıblar.
"PostMedia" xəbər verir ki, bu barədə bu ölkənin Antikorrupsiya Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, komandir müavini 700 litr həcmində artıq qalmış dizel yanacağını anbara təhvil verməyib və taqım komandiri vasitəsilə alıcı tapmağa çalışıb.
Yanacaq alıcının avtomobili ilə hərbi hissənin ərazisindən çıxarılıb, əldə olunan vəsait isə sxem iştirakçıları arasında bölüşdürülüb. Sonradan müttəhimlər satış məqsədilə hissədən daha iki tona yaxın yanacaq çıxarmağa cəhd göstəriblər, lakin bu dəfə buna nail ola bilməyiblər və anbar rəisi saxlanılıb.
Tabor komandirinin müavini və anbar rəisinə qarşı mənimsəmə və mənimsəməyə cəhd maddələri ilə ittiham irəli sürülüb. Analoji ittihamlar taqım komandiri və yanacağı alan şəxsə də qarşı qaldırılıb. İstintaq müddətində dövlətə vurulmuş ziyan ödənilib. İşin materialları məhkəməyə göndərilib.