N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qarabağ

“Narahatlıq əsassızdır”: Paşinyan Azərbaycan yanacağının tədarükünə münasibət bildirdi

13-yanvar-2026
Turan Hüseynli
“Narahatlıq əsassızdır”: Paşinyan Azərbaycan yanacağının tədarükünə münasibət bildirdi
Yazı Ölçüsü:

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan benzininin idxalı ilə bağlı cəmiyyətdə yaranmış narahatlığı əsassız adlandırıb.

"PostMedia"nın  xəbərinə görə, Baş nazir sosial şəbəkələrdə yayımladığı video müraciətdə bildirib ki, razılaşmanın əleyhdarları yanacağın idxalını Azərbaycanın iqtisadiyyatı və ordusunun maliyyələşdirilməsi kimi təqdim edirlər. Onun sözlərinə görə, eyni zamanda Azərbaycanın özündə də əks ittihamlar səslənir — guya bu benzin erməni hərbi texnikasının ehtiyacları üçün istifadə olunacaq.

Paşinyan vurğulayıb ki, hər iki iddia həqiqətə uyğun deyil, çünki tərəflər arasında sülh mövcuddur.

Baş nazir əlavə edib ki, bu cür narahatlıqlar uzun illər neft məhsullarının idxalı və satışı bazarında dominant mövqedə olmuş şirkətlər tərəfindən formalaşdırılır. Onun sözlərinə görə, artan rəqabət bu şirkətləri qiymətləri aşağı salmağa məcbur edir ki, bu da faktiki olaraq bazarın demonopoliyalaşmasına gətirib çıxarır.

Paşinyanın sözlərinə görə, yanacağın orta qiymətində artıq təxminən 15% ucuzlaşma müşahidə olunur. Belə ki, əvvəllər Aİ-95 markalı benzinin litri 510–520 dram arasında satılırdısa, hazırda minimal qiymət 430 dram təşkil edir. Mövcud bazar məlumatlarına əsasən, faktiki qiymətlərin əksər hallarda 480 dram səviyyəsində olduğu, bəzi idxalçıların isə benzini 440 dramdan təklif etdiyi bildirilir.

Aİ-92 markalı benzin üzrə də ucuzlaşma qeydə alınıb: əvvəl litri 500 drama çatan yanacağın hazırkı orta qiyməti təxminən 460 dramdır.

Xatırladaq ki, ötən ilin dekabrında bir neçə onillik fasilədən sonra ilk dəfə olaraq Ermənistana Azərbaycan benzini gətirilib — 1,2 min ton neft məhsulu Gürcüstan ərazisindən tranzitlə daşınıb. Yanvarın əvvəlində isə Azərbaycan Ermənistana yeni partiya yanacaq göndərib: 6 100 ton benzin və 1 500 ton dizel yanacağı.

Kateqoriyalar