“Honda” ABŞ-də hava yastığı sistemi ilə bağlı potensial təhlükəli nasazlıq səbəbindən təxminən 100 min avtomobili geri çağırır.
”PostMedia” xəbər verir ki, bu barədə NBC News ABŞ Milli Avtomobil Yolları Hərəkət Təhlükəsizliyi Administrasiyasına (NHTSA) istinadən məlumat yayıb.
Geri çağırmanın səbəbi ön sərnişin oturacağının çəki sensorunda aşkarlanan nasazlıqdır. Sensorun çap platasında çat yarana bilər və rütubətin təsiri altında bu, qısaqapanmaya səbəb ola bilər. Nəticədə sərnişinin identifikasiya sistemi düzgün işləməyə bilər.
Tənzimləyici qurumun məlumatına görə, qəza zamanı ön və diz hava yastıqları hətta ön oturacaqda uşaq oturacağında əyləşmiş körpə, uşaq və ya zəif bədən quruluşlu şəxs olduqda da açıla bilər. Halbuki belə hallarda hava yastıqları adətən deaktiv edilməlidir. Bu isə xəsarət alma riskini artırır.
Honda bildirib ki, nasazlıq hava yastıqlarının gözlənilmədən açılmasına səbəb ola bilər. Şirkət qeyd edib ki, problemlə bağlı indiyədək xəsarət və ya ölüm halları qeydə alınmayıb. Mayın 14-nə olan məlumata görə, 228 zəmanət müraciəti daxil olub.
Geri çağırma 2016–2026-cı illərdə istehsal olunmuş bir sıra “Honda” və “Acura” modellərini əhatə edir. Bunlara “Civic”, “Accord”, “CR-V”, “Pilot”, “Odyssey”, “Ridgeline”, “HR-V”, “Passport”, “Insight”, həmçinin “Acura TLX”, “RDX” və “MDX” daxildir.
İstehsalçı bildirib ki, avtomobil sahiblərinə 2026-cı il iyulun 6-dan etibarən məktublar göndəriləcək. Avtomobillər “Honda” və ya “Acura”nın rəsmi diler mərkəzlərinə aparılmalıdır. Nasaz sensor orada ödənişsiz şəkildə dəyişdiriləcək.