Gürcüstan parlamentinin sədr müavini Georgi Volski Türkmənistanda keçirilən “Sülh və etimad” forumunu “ölkənin gələcəyinə dair qərarların verildiyi yer” adlandırıb.
"PostMedia" xəbər verir ki, o, bu fikri baş nazir İrakli Kobaxidzenin tədbirdə iştirakını və Vladimir Putinlə birgə fotoda görünməsini izah edərkən söyləyib.
“Aşqabaddakı görüş xüsusilə əhəmiyyətlidir. Hamı bilir ki, işğalçı kimdir. Gürcüstan Rusiyayla diplomatik münasibətləri olmayan yeganə ölkədir. Burada bəraət axtarmağa ehtiyac yoxdur. Buna görə də baş nazir Gürcüstanın gələcəyinin müzakirə olunduğu yerə getdi”, – deyə Volski “Novosti-Qruziya”ya bildirib.
O, Kobaxidzenin səfərinin əsas səbəbinin Azərbaycanın baş naziri ilə görüş olduğunu vurğulayıb. Son vaxtlar Tbilisi ilə Bakı arasında münasibətlərdə narahatlıq doğuran siqnallar meydana çıxıb.
Bir sıra media orqanları “Gürcüstanın siyasi məntiqinin dəyişməsi” barədə yazır və Tbilisinin guya Bakı–İrəvan münasibətlərinin normallaşmasına mane olduğunu iddia edir.
“Əgər Putinin iştirakı var deyə, bu, o demək deyil ki, baş nazir Azərbaycanın baş naziri ilə görüşməməlidir. Əgər Türkmənistana və ya onun idarəçilik modelinə iradınız varsa belə, bu, bizim öz maraqlarımızdan çıxış etməyərək qərar verməyəcəyimiz anlamına gəlmir”, – Volski qeyd edib.
Aşqabadda keçirilən forum BMT-nin “Beynəlxalq Sülh və Etimad İli”nə, həmçinin Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunub. Tədbirdə Kobaxidze və Putinlə yanaşı Ermənistan, Türkiyə, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Azərbaycan və Pakistan liderləri də iştirak ediblər.
Kobaxidze Aşqabad səfərini Mərkəzi Asiya ölkələri ilə münasibətləri gücləndirmək, habelə qonşu Azərbaycan və Ermənistanla əlaqələri qorumaq zərurəti ilə izah edib. O, müxalifətin səfəri Tbilisinin Qərbdən uzaqlaşması və Moskvaya yaxın “Gürcüstanın neytrallığı” ideyasının irəli sürülməsi kimi dəyərləndirməsini “tamamilə əsassız manipulyasiya” adlandırıb.