"Bəzən ölkələrin kağız üzərində sülh sazişi var, amma yerdə real sülh yoxdur. Cənubi Qafqazda isə əksinədir. Bizdə real sülh var – Ermənistan və Azərbaycan arasında hərbi qarşıdurma və ya gərginlik artıq gündəmdə deyil. Hələ də bəzi mübahisəli məqamlar var, lakin bu, tamamilə normaldır. Diplomatiya və dialoq məhz bunun üçündür".
"PostMedia" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan sülh bağlamağa və bütün regionu dəyişdirməyə hazırdır.
"Bakıda hazırlanaraq Ermənistan tərəfinə təqdim edilən sülh sazişinin mətni artıq böyük ölçüdə razılaşdırılıb. Bu, artıq çox yaxşı haldır. Hələ dəqiqləşdirilməli olan bəzi detallar var. Birincisi, Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycan ərazisinə iddialar var. Hər bir konstitusiya bir ölkənin daxili məsələsidir - əgər orada başqa bir ölkənin və ya başqa bir ölkənin konkret bölgəsinin adı yoxdursa. Biz bu sülh müqaviləsini təkcə Ermənistan hökuməti ilə deyil, həm də erməni xalqı ilə imzalamaq istəyirik. Biz Ermənistan xalqının müvafiq konstitusiya dəyişiklikləri ilə Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymasını istəyirik".
Prezidentin köməçisi həm də ATƏT-in Minsk Qrupunun da ləğvinin əsas şərtlərdən biri olduğunu qeyd edib. O, həmçinin dəymiş ziyana görə, Ermənistan tərəfinin təzminat ödəməsi ilə bağlı məsələlərin hələ də müzakirə mövzusu olmadığını əlavə edib:
"Bu, hazırda Ermənistan və Azərbaycan arasında aparılan ikitərəfli danışıqların tərkib hissəsi deyil. Buna baxmayaraq, Azərbaycan bütün dəymiş ziyanın düzgün qiymətləndirilməsini aparıb. Burada söhbət dövlət məsuliyyətindən gedir, çünki Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozub, 30 ildir Azərbaycana qarşı güc tətbiq edib, Azərbaycan ərazilərini işğal edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini heç vaxt yerinə yetirməyib.
İşğal zamanı Ermənistan Azərbaycanın şəhər və kəndlərini tamamilə dağıdıb. Ərazilərimiz işğaldan azad ediləndən bəri biz Birləşmiş Millətlər Təşkilatının istifadə etdiyi metodologiya əsasında hərtərəfli qiymətləndirmə aparmışıq. Bu hesablamalara görə, zərər təxminən 150 milyard dollar təşkil edir".