Monteneqro hökuməti Podqoritsada yerli sakinə hücumla bağlı insidentdən sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti dayandırıb.
"PostMedia" bu barədə "RIA Novosti"yə istinadən xəbər verir.
Hökumətin məlumatına görə, 27 oktyabr 2025-ci il tarixində viz rejimində dəyişiklik edilərək Türkiyə vətəndaşları üçün vizasız giriş müvəqqəti dayandırılıb.
Xəbərdə qeyd olunur ki, 27 oktyabr gecəsi Monteneqro hüquq-mühafizə orqanları Podqoritsada 45 Türkiyə və Azərbaycan vətəndaşını yerli sakinə qarşı zorakılıqda iştirak şübhəsi ilə yoxlama üçün polis bölməsinə gətirib. Yoxlama nəticəsində 54 yaşlı Türkiyə vətəndaşı və 31 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.
Monteneqro Baş naziri Miloyko Spayic X sosial şəbəkəsində bildirib ki, hökumət 27 oktyabrda Türkiyə ilə vizasız rejimin dayandırılması barədə təcili qərar qəbul edib.
Eyni zamanda, Monteneqro Baş Prokurorluğu millətlər və dinlərarası nifrəti qızışdırmaq maddəsi üzrə cinayət işi açıb. Hadisə Podqoritsa şəhərinin Zabjela rayonunda baş verib; məlumata görə, hücumdan sonra qrup Türkiyə vətəndaşlarının olduğu binanı mühasirəyə alıb və millətçi təhqirlər səsləndirib.
Monteneqro radiosu və televiziya kanalları Türkiyə nömrəli avtomobilin yandırıldığını və Podqoritsanın mərkəzindəki Türkiyə vətəndaşına məxsus “Valhalla” fastfud restoranının vitrininin dağıdıldığını xəbər verib. Restoran sahibi bildirib ki, yerli sakinlərin qəzəbini anlayır və qeyd edib: “Əgər belə hadisə onun ölkəsində baş versəydi, reaksiyası eyni olardı”.
Eyni zamanda Monteneqro Xarici İşlər Nazirliyi vizasız rejimin dayandırılmasına baxmayaraq, Türkiyə vətəndaşları üçün sürətli viza prosedurunu təşkil etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, əvvəllər Monteneqro Rusiya vətəndaşları üçün vizalı rejim tətbiq etməyi planlaşdırırdı.