"Nissan yenilənmiş "X-Trail" krossoverini təqdim edib.
"PostMedia" "Autocar"a istinadən xəbər verir ki, model daha fərqli dizaynı və modernləşdirilmiş "e-Power" hibrid sistemi ilə seçilir.
Bu model markanın gələcəyi və qlobal bazarda yenidən güclənməsi üçün əsas açarlardan biri kimi qiymətləndirilir.
Əsas vizual dəyişiklik daha sərt, yolsuzluq yönümlü görünüşdür. Yeni "X-Trail" əvvəlki nəsildəki daha yumşaq dizayndan uzaqlaşaraq daha “əzələli” ön hissə, kəskin xətlər və praktiklik baxımından əvvəlki versiyaların üslubuna qayıdır.
Bu, xüsusilə "Toyota RAV4" və "Honda CR-V" kimi modellərlə rəqabət fonunda vacib sayılır. Həmin modellər ailə SUV seqmentində üstünlük təşkil edir.
Əsas diqqət "Nissan"ın öz hibrid sistemi olan "e-Power" texnologiyasına yönəlib. Onun əsas fərqi odur ki, avtomobilin təkərləri yalnız elektrik mühərriki ilə hərəkət edir, benzin mühərriki isə yalnız generator kimi işləyərək batareyanı doldurur.
Bu sistem şarj etmədən elektrik avtomobili hissi yaradır.
Yenilənmiş versiyada sistemin daha da təkmilləşdiriləcəyi, səmərəliliyin artırılacağı və yanacaq sərfiyyatının azaldılacağı gözlənilir. Həmçinin arxa oxda əlavə elektrik mühərriki ilə işləyən "e-4ORCE" tam ötürücü sisteminin də inkişaf etdirilməsi planlaşdırılır ki, bu da çətin yol şəraitində idarəetməni və sabitliyi artırır.
Yeni "X-Trail" "Nissan"ın daha geniş strategiyasının bir hissəsi olacaq. Şirkət model çeşidini optimallaşdırmağa və əsas seqmentlərdə mövqeyini gücləndirməyə çalışır.
"Nissan" diqqəti elektrifikasiyaya və hibrid modellərin genişləndirilməsinə yönəldərək rəqabət qabiliyyətini artırmağı və müştəri marağını bərpa etməyi hədəfləyir.