Gürcüstan–Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan "C-130" tipli hərbi-nəqliyyat təyyarəsinin qalıqlarının böyük hissəsi Türkiyəyə gətirilib. "PostMedia" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, hadisədən dərhal sonra yaradılan və qəza yerinə ezam olunan istintaq qrupu işini davam etdirir. Ərazinin ətraflı araşdırılmasından sonra təyyarənin fraqmentləri diqqətlə yığılaraq yük maşınlarına doldurulub və artıq hissələrin əksəriyyəti Türkiyəyə aparılıb.
"C-130"un qalıqları Kayseri vilayətində yerləşən, Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinə tabe olan 2 saylı Hava Gəmilərinin Texniki Xidmət Zavodunda araşdırılacaq.
Eyni zamanda təyyarənin “qara qutu"sunun təhlilinə başlanılıb. Hadisənin dəqiq səbəbinin əraziyə baxış və qara qutuların tam deşifrlənməsindən sonra müəyyən ediləcəyi gözlənilir. İstintaq qrupu həftəsonuna qədər qəza yerində işini davam etdirəcək.
Xatırladaq ki, Türkiyə Hərbi Hava Qüvvələrinin "C-130" təyyarəsi noyabrın 11-də Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayıb və hadisə nəticəsində bütün 20 nəfər həyatını itirib.
Milli müdafiə naziri Yaşar Gülər hökumət iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, qara qutuların deşifrlənməsi və ilkin nəticələrin əldə edilməsi azı iki ay vaxt aparacaq.
“İlkin, hələ ki, tam dəqiqləşməyən məlumatlara görə, əvvəlcə təyyarənin quyruq hissəsi qopub, daha sonra hava gəmisinin gövdəsi üç yerə parçalanıb. Bu, qara qutunun analizi ilə tam təsdiqlənəcək”, – deyə nazir bildirib və əlavə edib ki, hazırda qara qutular Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən araşdırılır.