N/A°C Bakı
1$ = 1.70₼
Qəza

Qazaxıstandakı istintaq komissiyası AZAL-ın təyyarəsinin qəzası ilə bağlı açıqlama verib

25-dekabr-2025
Amin Şükür
Qazaxıstandakı istintaq komissiyası AZAL-ın təyyarəsinin qəzası ilə bağlı açıqlama verib
Yazı Ölçüsü:
Aktau yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğramasının araşdırılması üzrə komissiya bildirib ki, hadisənin səbəbləri barədə nəticələr Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən dərc olunacaq yekun hesabatda əksini tapacaq.
"PostMedia" nazirliyin yaydığı məlumatı təqdim edir: “Hadisənin səbəbləri və ya ona təsir edən amillər, eləcə də uçuş təhlükəsizliyi üzrə tövsiyələr yekun hesabatda təqdim olunacaq”.
Bildirilir ki, aviasiya hadisəsinin araşdırılmasının başa çatma müddəti bütün təyin olunmuş tədqiqat və işlərin tamamlanma vaxtından asılıdır.
Qeyd olunur ki, komissiya texniki xidmətin mərkəzi kompüter kasetinin araşdırılmasının başa çatmasını, həmçinin münaqişə zonaları üzərindən və ya onlara yaxın ərazilərdə uçuşların icrası zamanı risklərin qiymətləndirilməsinin təhlili üzrə işçi qrupun hesabatının hazırlanmasını gözləyir.
Qazaxıstanın Nəqliyyat Nazirliyi vurğulayıb ki, komissiyanın fəaliyyətinin məqsədi kiminsə günah payını və ya məsuliyyətini müəyyən etmək deyil.
Xatırladaq ki, Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi 2024-cü il 25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər — 62 sərnişin və 5 ekipaj üzvü olub; onlar Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan vətəndaşları idi. 38 nəfər həlak olub.
Kateqoriyalar