Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, MDB-yə daxil olan bəzi ölkələrin suverenlikdən imtina etməsi Rusiyanın qarşısında ciddi çağırışlar yaradır.
"PostMedia" xəbər verir ki, onun sözlərinə görə, “bəzi tanınmış ölkələrin öz suverenliklərini təhvil verməsi nəticəsində həmin istiqamətlərdən Rusiyaya qarşı birbaşa hərbi-siyasi, iqtisadi, psixoloji və digər – sanksiya, hüquqi və müxtəlif təzyiqlər meydana çıxır”. Diplomat əlavə edib ki, Moskva bu təhdidlərin qarşısını almaq üçün müvafiq tədbirlər görür.
Qaluzin həmçinin vurğulayıb ki, Rusiya Sovet İttifaqının dağılmasından sonra müstəqil dövlətə çevrilmiş keçmiş sovet respublikalarının suverenliyinə hörmətlə yanaşır və onların xarici siyasətinin milli maraqlara əsaslanmasını anlayışla qarşılayır. “Biz qonşu ölkələrə məhz bu prizmadan yanaşırıq”, – deyə o qeyd edib.
Eyni zamanda, Rusiya MDB ölkələri ilə “yaxınlaşmaya və ardıcıl əməkdaşlığa” hazır olduğunu bildirir və təhlükəsizlik də daxil olmaqla müxtəlif sahələrdə tərəfdaşlığın vacibliyini vurğulayır.
