Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür. İlham Əliyev 24 dekabr 1961-ci ildə Bakıda anadan olub. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
Əmək fəaliyyətinə elmi-pedaqoji sahədə başlayan İlham Əliyev sonradan dövlət idarəçiliyində mühüm vəzifələrdə çalışıb. 1994–2003-cü illərdə SOCAR-da rəhbər vəzifələrdə işləyib, 1995 və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev sonrakı illərdə keçirilən seçkilərdə də xalqın etimadını qazanaraq dövlət başçısı kimi fəaliyyətini davam etdirib.

Prezidentliyi dövründə Azərbaycanda genişmiqyaslı iqtisadi və institusional islahatlar həyata keçirilib. Enerji sektorunda strateji layihələr reallaşdırılıb, qeyri-neft sektorunun inkişafı prioritet elan olunub, regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib. Son illərdə yoxsulluğun əhəmiyyətli dərəcədə azalması, infrastrukturun yenilənməsi və sosial rifahın yüksəldilməsi bu siyasətin nəticəsi kimi qiymətləndirilir.
Təhsil, səhiyyə və sosial müdafiə sahələrində mühüm layihələr icra olunub, minlərlə məktəb və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Konstitusiya islahatları aparılıb, idarəetmədə çeviklik və səmərəlilik artırılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin edilir.

Beynəlxalq arenada Prezident İlham Əliyev fəal diplomatik xətt yürüdür. Azərbaycan regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib, bir sıra beynəlxalq təşəbbüslərə ev sahibliyi edib və qlobal proseslərdə aktiv iştirakını davam etdirir.
Prezident İlham Əliyevin doğum günü münasibətilə dünya liderləri, yerli və beynəlxalq nüfuzlu təşkilatların rəhbərləri təbriklər göndərməkdə davam edir.
"PostMedia" ailəsi olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edir, ona Azərbaycanın inkişafı və xalqın rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq.