Rusiya Prezidentinin mətbuat katibi Moldovanın MDB-dən çıxmasına münasibət bildirib
20-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moldovanın MDB-dən çıxmaq qərarı ilə bağlı təəssüfünü ifadə edib və əlavə edib ki, bu təşkilat mövcud olduğu müddət ərzində öz səmərəliliyini və əhəmiyyətini sübut edib.
"PostMedia" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bundan əvvəl Moldovanın xarici işlər naziri Mixay Popşoy respublikanın Müstəqil Dövlətlər Birliyindən tamamilə çıxması üçün zəruri prosedurların başladığını bəyan etmişdi. Onun sözlərinə görə, hazırda qurum ölkənin MDB-yə üzvlüyünün əsasını təşkil edən sazişlərin ləğvi (denonsasiyası) prosesindədir və sənədlər tezliklə parlamentə təqdim olunacaq. Söhbət MDB nizamnaməsindən, təşkilatın yaradılması haqqında sazişdən və bu sazişin əlavəsindən gedir.
"Burada yalnız təəssüf ifadə etmək olar. Müstəqil Dövlətlər Birliyi uzun illər ərzində üzv ölkələr üçün faydalılığını sübut etmiş və bir daha təsdiqləmiş inteqrasiya formatıdır", — deyə Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, MDB-nin iş formatı "daha mütərəqqi inteqrasiyaların inkişafı üçün yaxşı platformadır".