Milyarderlərin Ay uğrunda yarışı: İlon Mask və Ceff Bezos əsrin qarşıdurması ərəfəsində
15-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
İlon Mask və Ceff Bezos arasındakı rəqabət yeni mərhələyə qədəm qoyur – onlar artıq birbaşa Ay uğrunda mübarizə aparırlar.
"PostMedia "xəbə verii ki "WSJ"yazır.
Marsın fəthini illərlə planlaşdırdıqdan sonra Mask ötən həftə gözlənilmədən bəyan edib ki, "SpaceX" istiqamətini dəyişir və Ay tərəfə yönəlir. O, burada “özünü inkişaf etdirən şəhər” qurmaq niyyətindədir. Beləliklə, Mask qəfil Bezosun uzun müddətdir ümid bağladığı Blue Origin şirkətinin Ay proqramı ilə eyni “komandada” peyda olur. Bezos söz verir ki, Ay bazaları orada tamhüquqlu zavodların yaradılmasına imkan verəcək.
Bir vaxtlar kosmik yarış dövlətlərin işi idisə, indi o, XXI əsrin real supergücləri olan milyarderlər arasında rəqabətə çevrilib.
İllərdir Mask və Bezos öz çoxistifadəli raketləri, NASA müqavilələri (o cümlədən Ayla bağlı), həmçinin ictimai diqqət uğrunda mübarizə aparırdılar. Onların kosmik ideyaları ən iddialı və ən cəsarətli hesab olunur. Ay və ya Mars seçimi isə kosmik ictimaiyyəti iki yerə bölüb.
Son vaxtlara qədər Maskın qalib gəldiyi düşünülürdü. SpaceX artıq raket buraxılışları və Yerə yaxın orbitdə peyk şəbəkəsinin qurulması sahəsində dominant mövqedədir. Bu il Marsa missiya planlaşdırılmışdı. Bir ildən bir az əvvəl Mask X-də yazmışdı: “Biz birbaşa Marsa gedirik. Ay qırmızı siyənəkdir”.
Ancaq indi strategiyanın dəyişdiyi görünür. SpaceX IPO-ya hazırlaşır və ABŞ-da siyasi gündəm yenidən 2028-ci ilə qədər astronavtların Aya qaytarılmasına yönəlib. Maskın rüblük göstəricilərə baxan investorlar üçün inandırıcı biznes-hekayəyə ehtiyacı var. Axı Marsda “canlı şəhər” layihəsi onilliklər çəkə bilər.
Mask hələ də Mars planlarından danışır, lakin hazırda diqqətini Moonbase Alpha layihəsinə yönəldib. Bezos kimi o da Ayda zavodlar tikməkdən, həmçinin kosmosda süni intellektlə işləyən məlumat mərkəzləri yaratmaqdan bəhs edir ki, bu da onun xAI startapı ilə SpaceX-in inteqrasiyası ilə bağlıdır.
Ay bazasının qurulması asan deyil: radiasiya, temperaturun kəskin dəyişməsi və bütöv bir şəhər üçün materialların daşınması ciddi çətinliklər yaradır. Mask vəd edir ki, gələcəyin “Starship” kosmik gəmisi ildə 10 mindən çox uçuş həyata keçirə biləcək. Müqayisə üçün, SpaceX ötən il kosmosa 165 buraxılış edib, Blue Origin isə yarandığı gündən bəri bunun yalnız kiçik bir hissəsini reallaşdırıb.
Bezos isə əksinə, yavaş və metodik şəkildə hərəkət edir ki, bu da tez-tez Maskın zarafat mövzusuna çevrilir. “İnkişafın sürəti çox zəifdir, həyat dövrü isə çox qısadır”, – Mask Bezos haqqında demişdi. Lakin Amazon-un qurucusu bu “ilbiz sürətli” yanaşmadan zövq alır: “Yavaş sabitdir, sabit isə sürətlidir. Biz addım-addım gedirik”.
Və nəhayət, böyük mükafat yaxınlaşır: Blue Origin Aya ilk yük uçuşuna hazırlaşır və səylərini suborbital turizmə deyil, məhz Ay proqramına yönəldir.
Bu fonda Mask sakit reaksiya verib: “SpaceX-dən əvvəl kimsə Aya nəsə endirsə, bu normaldır. Əsas məqsəd özünü inkişaf etdirən şəhər qurmaq üçün milyonlarla ton avadanlıq və insan daşımaqdır”.
Ay uğrunda yarış başlayıb. Və görünür, bu dəfə milyarderlər heç nəyin qarşısında dayanmayacaqlar.