İlk növbədə, iki ölkənin müvafiq nazirlikləri arasında Rusiya vətəndaşlarının tez bir zamanda vətənə qaytarılmasını təmin etmək üçün məqsədyönlü dialoq aparılır.
"PostMedia" xəbər verir ki, bunu oktyabrın 30-da keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanda saxlanılan rus vətəndaşları ilə bağlı sualı cavablandırarkən bildirib.
“İkincisi, biz artıq məlumat vermişik ki, ‘Sputnik Azərbaycan’ agentliyinin rəhbər şəxsləri Rusiyaya qayıdıblar. İqor Kartavix oktyabrın 19-da, baş redaktor Yevgeni Belousov isə oktyabrın 25-də geri dönüb. Sankt-Peterburqlu tələbə Dmitri Fyodorovla bağlı vəziyyət isə, təbii ki, narahatlıq doğurur. Onun səhhətində problemlərin olması barədə çoxsaylı əlamətlər var. Vurğulamaq istərdim ki, Rusiyanın Bakıda yerləşən səfirliyi dünən Azərbaycan tərəfinə rus vətəndaşı ilə görüşün və tibbi yardımın təmin olunması barədə müraciət göndərib. Təəssüf ki, hələlik konsulluq girişi təmin edilməyib. Bu məsələ diqqət mərkəzimizdə qalır,” – deyə Zaxarova bildirib.
Qeyd edək ki, “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavix və baş redaktor Yevgeni Belousov da daxil olmaqla bir neçə əməkdaşı iyunun sonunda saxlanılmışdı. Azərbaycan Daxili İşlər Nazirliyi onların barəsində dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması maddələri üzrə cinayət işi başladıb.