Azərbaycan rəsmiləri Düşənbədə keçirilən antiterror konfransında iştirak edib
23-oktyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Düşənbədə MDB ölkələrinin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə üçüncü konfransı keçirilib.
"PostMedia" xəbər verir ki, tədbirdə 12 ölkənin nümayəndə heyətləri, o cümlədən Azərbaycandan nümayəndələr iştirak ediblər.
Konfrans Tacikistanın Milli Təhlükəsizlik Dövlət Komitəsi və MDB-nin Antiterror Mərkəzi (ATC) tərəfindən təşkil olunub.
ATC-nin rəhbəri Yevgeni Sysoyev bildirib ki, konfrans iştirakçıları terrorla mübarizə sisteminin bütün aspektlərini – təhlükə proqnozlarından tutmuş beynəlxalq əməkdaşlığa və antiterror sahəsində mütəxəssislərin hazırlanması üçün elmi bazanın yaradılmasına qədər – kompleks şəkildə müzakirə ediblər.
BMT Baş katibinin xüsusi nümayəndəsi Kaxa İmnadze isə vurğulayıb ki, Mərkəzi Asiya regionu qlobal antiterror səylərinin əsas istiqamətlərindən birinə çevrilib, xüsusən də Yaxın Şərqdəki sabitsizlik və Əfqanıstandakı vəziyyət region üçün əlavə risklər yaradır.
Konfransda MDB-yə üzv dövlətlərlə yanaşı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi beynəlxalq qurumların təmsilçiləri də iştirak ediblər.
Ümumilikdə forumda 12 ölkə — Azərbaycan, Ermənistan, Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın xüsusi xidmət orqanlarının nümayəndələri iştirak ediblər.