Bu gündən etibarən Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində işləməyəcəklər.
“PostMedia”nın əldə etdiyi məlumata görə, buna səbəb Hökumət Evinin yerləşdiyi ərazidə "Formula 1" üzrə Azərbaycan Qran-prisinin keçirilməsidir.
Bu müddət ərzində onların fəaliyyətlərini onlayn şəkildə davam etdirə biləcəkləri bildirilib.
İşçilərin 22 sentyabrdan etibarən yenidən işə qayıdacaqları qeyd edilir.
Həmin tarixə qədər isə Hökumət Evinə giriş qadağan olunacaq.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-dan 21-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.
Xatırladaq ki, Hökumət Evində İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat Nazirliyinin bəzi strukturları, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti (keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC” yerləşir.