Rusiyanın avtomobil bazarında bu ilin payızında müşahidə olunan satış artımından sonra ciddi eniş proqnozlaşdırılır.
“PostMedia” bu barədə “Gazeta.ru”ya istinadən xəbər verir.
Analitiklər bildirirlər ki, 2026-cı ilin birinci rübündə yeni avtomobil satışları kəskin şəkildə azalacaq.
Hesablamalara görə, ay ərzində satışlar 80–90 min ədəd səviyyəsinə düşəcək. Halbuki, 2025-ci ilin oktyabrında bu rəqəm 150 min avtomobili keçmişdi. Müqayisə nəticəsində bazarda təxminən 40 faizlik geriləmə gözlənilir.
Mütəxəssislər bu enişi üç əsas faktorla əlaqələndirirlər.
İlk səbəb bankların yüksək faizli depozitlərlə vətəndaşları yığım etməyə həvəsləndirməsidir. Hazırda bəzi depozitlər üzrə gəlirlik 16 faizə çatıb.
Mərkəzi Bankın uçot dərəcəsi isə 17 faiz olaraq qalır.
Ekspertlər qeyd edirlər ki, insanlar belə şəraitdə böyük xərc tələb edən alışları, o cümlədən avtomobil alqı-satqısını təxirə salırlar.
Digər mühüm səbəb utilizasiya rüsumunun və avtomobil qiymətlərinin artmasıdır.
2026-cı il yanvarın 1-dən rüsumun məbləği növbəti dəfə yüksələcək.
Eyni zamanda, onun hesablanma qaydasının dəyişdirilməsi nəzərdə tutulur.
ƏDV-nin də 2 faiz artırılması qiymətləri daha da yüksəldəcək.
Bundan başqa, istehlakda qeyri-müəyyənlik müşahidə olunur.
Analitiklər bildirirlər ki, əhalinin gəlirlərinin sabitliyi ilə bağlı narahatlıq davam edir.
Bu da avtokredit tələbinə ciddi təsir göstərir. Məlumatlara görə, 2025-ci ilin yanvar–avqust aylarında avtokredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz azalıb.
Avtomobil dilerləri isə anbar ehtiyatlarının tədricən tükəndiyini deyirlər.
Ehtiyac yaranacağı halda satış stimullarının yenidən tətbiqi nəzərdən keçirilə bilər. Analitiklərin ümumi rəyi belədir ki, əgər bazar 2026-cı ildə 2025-ci ilin səviyyəsini qoruya bilsə, bu, artıq uğurlu nəticə hesab olunacaq.