6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Paşinyanın təyyarəsi təcili Sofiyaya uçub

08-may-2026
Paşinyanın təyyarəsi təcili Sofiyaya uçub
Yazı Ölçüsü:

Ermənistanın baş naziri, prezidenti və digər yüksək vəzifəli şəxslərə xidmət göstərən hökumət təyyarəsi mayın 6-da İrəvandan Bolqarıstanın paytaxtı Sofiyaya texniki xidmət üçün yola düşüb.

"PostMedia" xəbər verir ki, bu barədə “Hetq” nəşri məlumat yayıb.

VIP bort hesab olunan "Airbus A319 ACJ" tipli təyyarə (“Ermənistan Respublikası 701” qeydiyyatı) uçuşları izləyən onlayn platformaların məlumatına əsasən, mütəmadi olaraq texniki baxış üçün xaricə göndərilir. Çünki Ermənistanda belə xidmətlərin göstərilməsi mümkün deyil.

Belə ki, 2020-ci ilin mayında dövlət təyyarəsi bu məqsədlə Praqada olub. Həmin ilin avqustunda isə Çexiyanın Ostrava şəhərinə göndərilərək yeni rənglərlə boyanıb və bu proses dövlət büdcəsinə on minlərlə avroya başa gəlib. Təyyarə 2022-ci ilin 14 aprel–20 may tarixlərində və 2025-ci ilin 10–29 may tarixlərində də texniki xidmət üçün Praqada olub.

Bu bort istifadədə olmadıqda yüksək vəzifəli şəxslər özəl aviaşirkətlərin xidmətindən yararlanırlar. Çünki "Airbus A319" Ermənistanın yeganə dövlət təyyarəsidir. Belə hallar 2022 və 2025-ci illərdə baş nazir Nikol Paşinyanın səfərləri zamanı da yaşanıb.

Nəşr qeyd edir ki, bu il Paşinyanın özəl operatorlardan istifadə etməsinə ehtiyac olmaya bilər. Çünki o, iyunun 7-də keçiriləcək parlament seçkilərinin təşviqat kampaniyasında iştirak etmək üçün mayın 8–27-si və mayın 29-dan iyunun 5-dək məzuniyyətdə olacaq.

Məqalədə xatırladılıb ki, martın 22-də prezident Vaahagn Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisiyə dövlət təyyarəsi ilə deyil, iş adamı və hakim partiyadan deputat Xaçatur Sukiasyanın ailəsinə məxsus “FlyOne Armenia” aviaşirkətinin "Gulfstream G450" tipli biznes-ceti ilə uçub. Həmin təyyarədən martın 26-da Qazaxıstanın Şımkent şəhərinə səfər edən baş nazirin müavini Mher Qriqoryanın nümayəndə heyəti də istifadə edib. Bu xidmət üçün dövlət büdcəsindən “FlyOne Armenia”ya 28,6 milyon dram, yəni təxminən 77 min dollar ödənilib.

Nəşr vurğulayır ki, həmin dövrdə dövlətə məxsus "Airbus A319" İrəvanda dayanmış vəziyyətdə olub. Buna baxmayaraq, prezident administrasiyası və hökumət yüksək vəzifəli şəxslərin niyə Sukiasyan ailəsinə məxsus şirkətin təyyarəsindən istifadə etdiyini izah etməyib.

1998-ci ildə istehsal olunmuş Airbus A319 ACJ təyyarəsi 2007-ci ildən Ermənistanda istismar olunur və dövlətə məxsusdur. 2018-ci ilə qədər prezident administrasiyasının balansında olan təyyarə daha sonra Mülki Aviasiya Komitəsinə verilib.

2007–2013-cü illərdə təyyarəni “Armavia”, 2013–2014-cü illərdə “Air Armenia”, 2014–2023-cü illərdə Mülki Aviasiya Komitəsinin tabeliyindəki “Aviasiya Tədris Mərkəzi”, 2023-cü ilin sentyabrından isə “FlyOne Armenia” istismar edir.

Baş nazirə xidmət edən uçuşlar FIE4001, prezidentin uçuşları FIE4002, digər yüksək vəzifəli şəxslərin uçuşları isə FIE4003 kodu ilə həyata keçirilir. FIE “FlyOne Armenia”nın beynəlxalq ICAO kodudur, rəqəmlər isə uçuşun hansı vəzifəli şəxs üçün nəzərdə tutulduğunu göstərir.

Texniki uçuşlar isə fərqli nömrələrlə qeyd olunur. 2025-ci ilin mayında həyata keçirilən İrəvan–Praqa və Praqa–İrəvan reysləri FIE4041 kodu ilə, son İrəvan–Sofiya reysi isə FIE4011 kodu ilə həyata keçirilib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031