Rusiyanın paytaxtı Moskvada mayın 5-dən 9-dək mobil internet və SMS göndərişində məhdudiyyətlər tətbiq olunacaq.
"PostMedia" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə operatorlar abonentlərə göndərdikləri mesajlarda məlumat veriblər.
“Beeline” şirkətinin xəbərdarlığında bildirilir ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar bayram tədbirlərinin hazırlanması və keçirilməsi dövründə mobil internet və SMS xidmətində müvəqqəti məhdudiyyətlər mümkün olacaq. Abonentlərə internet üçün Wi-Fi istifadə etmək, səsli zənglər üçün isə smartfon ayarlarında VoLTE funksiyasını aktivləşdirmək tövsiyə olunub. Şirkət bu məhdudiyyətləri təsdiqləyib.
Bundan əvvəl BBC-nin rus xidməti telekommunikasiya bazarındakı mənbələrə istinadən xəbər vermişdi ki, hakimiyyət mayın 9-da keçiriləcək paraddan əvvəl mobil rabitəyə ötən ildəkindən daha sərt məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Mənbələrdən birinin sözlərinə görə, rabitə mayın 5-i, 7-si və 9-u “boğulacaq” və bu, təkcə Sadovoye halqası daxilində deyil, MKAD ərazisində də baş verəcək. Sonradan bu məlumat “Kommersant” və Forbes mənbələri tərəfindən də təsdiqlənib.
Moskvada genişmiqyaslı internet kəsintiləri ilə sakinlər ilk dəfə ötən il – Qələbə Gününün 80 illiyi tədbirləri ərəfəsində qarşılaşmışdı. Bundan sonra isə oxşar məhdudiyyətlər ölkə üzrə Ukrayna pilotsuz uçuş aparatlarının hücumlarına qarşı tədbirlər çərçivəsində tətbiq olunub.
Dövlət Dumasının deputatı Andrey Svintsov aprelin 29-da bildirib ki, məhdudiyyətlər yalnız mobil deyil, simli internetə də şamil oluna bilər. Onun sözlərinə görə, Rusiya vətəndaşları artıq buna öyrəşib.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi açıqlamışdı ki, mayın 9-da Moskvada keçiriləcək paradda 2007-ci ildən bəri ilk dəfə hərbi texnika nümayiş etdirilməyəcək. Prezidentin mətbuat katibi Dmitri Peskov isə tədbirin “operativ vəziyyət” və Kiyevdən gələn “terror təhlükəsi” səbəbilə qısaldılmış formatda keçiriləcəyini demişdi.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri Moskva üzərində pilotsuz uçuş aparatları ilə hücumları yenidən aktivləşdirib. Mayın 3-ü və 4-də paytaxt üzərində 11 dron qeydə alınıb, onlardan biri Mosfilmovskaya küçəsində yerləşən binaya zərbə endirib.