"Paramount Skydance" media holdinqi, "Warner Bros. Discovery"ni (WBD) direktorlar şurasının səhmdarlara onun təklifini rədd etmək və "Netflix" ilə sövdələşməni dəstəkləmək barədə tövsiyəsinə baxmayaraq, WBD almaq niyyətini təsdiqləyib.
"PostMedia" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verir.
Dekabrın əvvəlində KİV-də "Warner Bros. Discovery"nin öz kino və televiziya studiyalarını, həmçinin "HBO Max" striminq xidmətini "Netflix" şirkətinə satmaq barədə danışıqlara başladığı bildirilmişdi. Sonradan "Netflix", "Warner Bros."un bütün aktivlərini hər səhm üçün 27,75 dollar qiymətinə almaq barədə razılığa gəldiyini elan etdi. Bu, şirkətin 72 milyard dollar dəyərində qiymətləndirilməsinə (müəssisənin ümumi dəyəri isə 82,7 milyard dollar) uyğun gəlirdi.
Daha sonra "Paramount Skydance" alternativ təkliflə çıxış edərək, "Warner Bros. Discovery"ni 108 milyard dollar dəyərində qiymətləndirdi və səhmlərin hər biri üçün 30 dollar təklif etdi. Lakin çərşənbə günü WBD-nin direktorlar şurası səhmdarlara bu təklifi rədd etməyi və "Netflix" ilə birləşməni dəstəkləməyi tövsiyə etdi.
Buna cavab olaraq "Paramount Skydance" bəyanat yayaraq, sövdələşməni sona çatdırmağa hazır olduğunu təsdiqləyib. Şirkət vurğulayıb ki, onların təklifinin tənzimləyici qurumlar tərəfindən təsdiqlənmə şansı yüksəkdir. Onların qənaətinə görə, bu təklif kreativ sənayelərdə rəqabəti gücləndirəcək; halbuki "Netflix" ilə sövdələşmə striminq yayımı sahəsində dominantlığın artmasına səbəb ola bilər.
Media holdinq həmçinin qeyd edib ki, sövdələşmənin maliyyələşdirilməsini tam təmin edib və bu proses əlavə maliyyə şərtlərindən asılı deyil. "Paramount Skydance"in baş direktoru Devid Ellison bəyan edib ki, şirkət əyləncə sənayesində qlobal lider yaratmaq üçün iki ikonik Hollivud studiyasının birləşdirilməsi ideyasına sadiq qalır. O, "Warner Bros. Discovery" səhmdarları tərəfindən müsbət reaksiya olduğunu bildirərək, sövdələşmənin reallaşdırılması istiqamətində işləri davam etdirmək niyyətində olduqlarını vurğulayıb.