Ermənistana elektromobillərin idxalı zamanı ƏDV-dən tam azadolma daha bir ay müddətinə — 2026-cı il fevralın 1-dək uzadılacaq. Müvafiq dəyişikliklər paketi parlamentin iqtisadi məsələlər üzrə komissiyası tərəfindən təsdiqlənib və plenar iclasa çıxarılacaq.
"PostMedia" Ermənistan KİV-lərinə idtinadən xəbər verir ki, fevralın 1-dən elektromobillərin idxalına ƏDV tətbiq olunacaq.
Lakin onlar hələ də gömrük rüsumundan azad ediləcək və bu güzəşt artıq yalnız yeni avtomobillərə şamil olunacaq.
Qanun layihəsini təqdim edən iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, güzəşt 31 dekabr 2023-cü ildən sonra istehsal olunmuş elektromobillərə şamil ediləcək. Sənəd oktyabr ayında hazırlanıb və 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin hökumət artıq yolda olan elektromobillərin sahiblərinin müraciətlərini nəzərə alaraq bir aylıq möhlət vermək qərarına gəlib. Nazir qeyd edib ki, avtomobillərin Ermənistana çatdırılması üç aya qədər vaxt apardığından bu müddət kifayət edəcək.
1 fevraldan sonra elektromobillərin idxalı ƏDV-yə cəlb olunacaq.
Gömrük rüsumlarına gəldikdə isə, Papoyan xatırladıb ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində 2026-cı il üçün Ermənistana Aİİ-yə daxil olmayan ölkələrdən idxal edilən 15 min elektromobil üzrə rüsumsuz kvota ayrılması barədə razılıq əldə olunub. Yaxın vaxtlarda hökumət kvotanın bölgüsü ilə bağlı detalları açıqlayacaq: bir hissə rəsmi dilerlərə, qalan hissə isə fiziki şəxslərə ayrılacaq.
Nazir izah edib ki, söhbət məhz zəmanətli texniki xidmət göstərən, istehsalçının tələbi ilə avtomobillərin geri çağırılmasını və digər öhdəlikləri yerinə yetirən dilerlərdən gedir. Eyni zamanda, son 1–2 ildə dilerlərin onlara ayrılmış kvotanı tam istifadə etmədiyini nəzərə alaraq, istifadə olunmayan hissə fiziki şəxslərin xeyrinə yenidən bölüşdürüləcək. Məsələn, 4 min avtomobil kvotası olduğu halda dilerlər 3 900 avtomobil idxal edərsə, qalan 100 avtomobil üzrə gömrük rüsumu geriyə dönük şəkildə fiziki şəxslərə qaytarılacaq. Bunun əsası Dövlət Gəlirləri Komitəsinin elektron bazasında idxalın xronologiyası olacaq.
Parlamentin iqtisadi məsələlər üzrə komissiya sədrinin müavini, “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Babken Tunyan bildirib ki, komissiya deputat Lusine Badalyanın təkliflərini də nəzərdən keçirib. Elektrik yük avtomobillərinin də ƏDV-dən azad olunması təklifi qəbul edilib, idxal edilən elektromobillərin icazə verilən yaş həddinin 2 ildən 5 ilə qaldırılması təşəbbüsü isə rədd edilib. Komissiyada xatırladılıb ki, əvvəllər İqtisadiyyat Nazirliyi və baş nazir yeni avtomobillərin alınmasının stimullaşdırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Ermənistan hökuməti daha əvvəl 2030-cu ilə qədər ölkədə elektromobillərin sayını 100 minə çatdırmağı hədəflədiyini açıqlamışdı. Hazırda bu göstərici 30–40 min civarındadır.