Azərbaycan və Ermənistan iş adamları Vaşinqtonda "tramp marşrutu"na qaşulmaq üçün görüşüb
05-noyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Vaşinqtonda “Tramp marşrutu” adlı nəqliyyat və iqtisadi əməkdaşlıq təşəbbüsü çərçivəsində tədbir keçirilib. Görüşdə ABŞ, Azərbaycan, Ermənistan və digər maraqlı tərəflərin şirkət nümayəndələri iştirak ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə Mərkəzi Asiya–Qafqaz İnstitutunun və ABŞ Xarici Siyasət Şurası proqramının direktoru Laura Linderman Ermənistanın "NEWS.am" saytına müsahibəsində məlumat verib.
“Artıq Vaşinqtonda bir tədbir keçirilib, orada Ermənistan, Azərbaycan və ABŞ-dən şirkət nümayəndələri bu layihə ətrafında əməkdaşlıq imkanlarını müzakirə ediblər. Mən bu təşəbbüsə çox müsbət yanaşıram. Nə qədər çox nəqliyyat marşrutu olsa, o qədər çox iqtisadi inteqrasiya, yeni iş yerləri və sabit gələcək yaranacaq” – deyə Linderman bildirib.
Onun sözlərinə görə, “Tramp marşrutu” layihəsi Cənubi Qafqazı Mərkəzi Asiya və Avropa ilə birləşdirən yeni tranzit dəhlizlərdən biri ola bilər.
Linderman “Tramp marşrutu”nun Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsi kimi digər regional təşəbbüslərlə rəqabət aparmaq əvəzinə, onları tamamlayacağını vurğulayıb.
O, həmçinin bu layihənin Cənubi Qafqaz üçün həm iqtisadi, həm də geosiyasi baxımdan “oyunun qaydalarını dəyişəcək təşəbbüs” ola biləcəyini bildirib:
“Region ölkələri nə qədər çox əməkdaşlıq etsə, bir o qədər də güclənəcəklər. Bu, onlara çətin qonşularla münasibətlərdə daha çox təsir gücü verəcək”.
Linderman əlavə edib ki, “Tramp marşrutu” üzərində müxtəlif beynəlxalq şirkətlər, Avropa, ABŞ və Mərkəzi Asiyadan olan investorlar işləyəcək.
Rusiyanın bu layihəyə qoşulub-qoşulmayacağı sualına cavab verən Linderman bildirib:
“Mən düşünmürəm ki, Rusiya bu marşrutda iştirak edəcək. Amma o, Ermənistanla başqa layihələrdə, məsələn, Şimal–Cənub dəhlizində əməkdaşlıq edə bilər”.