Azərbaycan, Qazaxıstan və Gürcüstan tranzit yüklərlə bağlı razılığa gəldi
06-oktyabr-2025
Turan Hüseynli
Yazı Ölçüsü:
Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryolu qurumlarının rəhbərləri transit qatarların fasiləsiz hərəkəti və çatdırılma müddətinin daha da qısaldılması məqsədilə birgə fəaliyyət planı imzalayıblar.
"PostMedia" xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.
Sənəd Qazaxıstanda keçirilən "New Silk Way biznes forumu" çərçivəsində imzalanıb. Razılaşma regional əməkdaşlığın gücləndirilməsinə, tranzit imkanlarının tam istifadə olunmasına və Avropa ilə Asiya bazarları arasında yükdaşımanın artırılmasına töhfə verəcək.
Məlumatda bildirilir ki, razılaşma həm infrastruktur, həm əməliyyat, həm də logistika sahəsində "orta dəhliz”də mövcud məhdudiyyətlərin aradan qaldırılmasını, o cümlədən gömrük prosedurlarının vaxtının azalmasını nəzərdə tutur.
Sənəd, tərəflərin yaratdığı birgə işçi qrupunun hazırladığı tövsiyələr əsasında hazırlanıb. İşçi qrup isə Altınkol stansiyasından Qara dəniz limanlarına qədər dəhlizin bütün marşrutunu öyrənib.
Məlumatda həmçinin vurğulanır ki, icra olunacaq işlərin konkret müddətləri və məsul strukturlar müəyyən edilib, bu fəaliyyət planı isə “orta dəhliz”in inkişafında mühüm mərhələ hesab olunur.