ABŞ-də maliyyələşmənin qismən dayandırılacağı təqdirdə aviasiyada gecikmələrin olacağı qeyd edilir
30-sentyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
ABŞ-nin aparıcı aviaşirkətləri hökumətin maliyyələşməsinin dayanacağı təqdirdə ölkənin hava nəqliyyat sistemində ciddi gecikmələrin yaşana biləcəyi barədə xəbərdarlıq ediblər.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, "Airlines for America" təşkilatı bildirib ki, əgər federal büdcə təsdiqlənməsə, hava hərəkətinin idarə olunmasında və təhlükəsizlik sistemində işlər yavaşlaya bilər, bu isə sərnişinlərə birbaşa təsir göstərəcək.
Məlumata görə, hava hərəkəti dispetçerləri və hava limanlarında təhlükəsizlik yoxlamalarını həyata keçirən təxminən 50 min əməkdaş işləməyə davam edəcək, lakin maaş almayacaqlar. Bu isə 2019-cu ildəki 35 günlük hökumət bağlanmasında olduğu kimi işçilərin işdən yayınmasına, hava limanlarında uzun növbələrə və reyslərin ləngiməsinə gətirib çıxara bilər.
Aviasiya təşkilatları və həmkarlar ittifaqları ayrıca məktubda qeyd ediblər ki, qapanma Federal Aviasiya Administrasiyası (FAA) bir sıra mühüm fəaliyyətlərini – hava hərəkəti dispetçerlərinin və texniklərin işə götürülməsi və təlimi, təhlükəsizlik təşəbbüslərinin icrası, avadanlıqların təmiri, pilot yoxlamaları, təyyarələrin texniki baxışları və aviasiya sisteminin modernləşdirilməsi layihələrini dayandıra bilər.
Xüsusilə, qapanma "Boeing" şirkətinin "737 MAX 7" modelinin sertifikatlaşdırılmasını və 12,5 milyard dollarlıq hava nəqliyyatı idarəetmə sisteminin yenilənməsi layihəsini də ləngidə bilər.
FAA-nın məlumatına görə, qurum hələ də təxminən 3 800 hava hərəkəti dispetçeri çatışmazlığı yaşayır. Bu səbəbdən bir çox dispetçerlər artıq məcburi əlavə iş saatları və altıgünlük iş qrafiki ilə çalışırlar. Qapanma bu böhranı daha da dərinləşdirə bilər.
Hökumətin bağlanması Çərşənbə günü başlaya bilər. Hazırda Demokratlar və Respublikaçılar arasında dövlətin maliyyələşməsi ilə bağlı razılaşma əldə olunmayıb.